"İstərsən ki, unutmasın el səni,
El dilini, el səsini unutma" - 
 
Dəyərli şairimiz Hüseyn Arifin bu məşhur misraları sanki Zaməddin müəllim üçün deyilib. O həmişə elə bağlanıb, elə söykənib, onun şirin dilini, gözəl ləhcəsini heç  unutmayıb.
 
Zaməddin Ziyadoğludan söhbət açmaq istəyirəm. 

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, neftçi-şair Zaməddin Ziyadoğludan.Bu gün doğum gününü qeyd edən əziz dostumuzu-qağamızı ürəkdən təbrik edir, ona sağlıqlı uzun ömür, ürək, könül rahatlığı arzulayırıq!

 
Zaməddin Ziyadoğlu.
Bu ad çoxlarına tanışdır.Şair, neftçi, Ata, baba, dost-qardaş, sirdaş, eloğlu... 
Onun nurlu simasını həmişə gülən görərsən. Əbəs yerə demirlər ki, Zaməddin Ziyadoğlu ilə görüşəndə xoş bir aura ilə rastlaşırsan. Elə bil Qazaxdan, Xanlıqlardan təzəcə gəlib. Ondan, Qazağın iyisi, Coğazın şırıltı səsi, Ağstafa çayının zümzüməsi, Kar qayanın, Vəlixan meşəsinin ətri gəlir... 
 
Qısa arayış:
Zaməddin Ziyad oğlu Həmişəyev 1947-ci il aprelin 1-də Azərbaycanın ən gözəl guşələrindən biri olan şairlər yurdu Qazax rayonunda, Xanlıqlar kəndində dünyaya göz açıb. 
Onun uşaqlığı, gəncliyi bu yerlərdə keçib. İlk təhsilini öz doğma kəndlərində alıb. Həmin kənd məktəbində orta təhsilini 15 yaşında  bitirib və ali təhsil almaq arzusu ilə Bakıya gəlib. Burada istehsalatda işləyə - işləyə Bakı Neft Texnikumunun axşam şöbəsində təhsil alıb. Təhsilini əla qiymətlərlə başa vurub, neft və qaz quyularının istismarı ixtisasına yiyələnib.
Özünün dediyinə görə, hələ kiçik yaşlarından, Mehdi Hüseynin “Abşeron” romanını oxuduğu çağlardan ürəyində neftçi olmaq arzusu baş qaldırıb. Arzularının sorağı ilə əfsanəvi Neft Daşlarına gəlib. O, gənc neftçi kimi əmək fəaliyyətinə Neft Daşlarında başlamışdır. 25 il Neft Daşlarında işləmişdir.
 
 Neftçi olmaq ən şərəfli işdir.
 
 
Zaməddin Həmişəyev Neft Daşlarında “Azərdənizneftinşaat” Trestinin 6 saylı Tikinti-Quraşdırma İdarəsində tikinti maşınlarının çilingəri kimi ilk əmək fəaliyyətinə başlayıb. Həmin idarə dənizdə estakadaların və estakadayanı meydançaların tikintisi ilə məşğul olub. İndi Zaməddin müəllim o illəri qürurla xatırlamaqda haqlıdır. Çünki vaxtilə Xəzərin mavi suları üzərində yollar salınmasında- polad estakadaların tikintisində  onun da zəhməti var.  Xəzərin qoynunda, Neft Daşlarında çiyin-çiyinə çalışdığı, tədbirlərdə birgə iştirak etdiyi neçə-neçə mətin insanların - Xoşbəxt Yusifzadənin, Bəxtiyar Məmmədovun, Bəhmən Hacıyevin, Qurban Abbasovun (Neftçi Qurbanın), Akif Cəfərovun və başqalarının adları dilinin əzbəridir. Dənizdə işlədiyi illərdən söhbət düşəndə həmin insanların adlarını iftixarla çəkir.
 
O dövrlərdə Neft Daşları dünyanın məşhur insanlarının maraq dairəsində idi.  Buraya dünyaca məşhur yazıçılar, diplomatlar, elm adamları və kosmonavtlar da gəlirdi. O insanlarla görüşlərindən Zaməddin müəllim xüsusi şövqlə danışır. Amma onun  yaddaşında Ulu Öndər Heydər Əliyevin Neft Daşlarına gəlməsi daha  dərin izlər buraxmışdır.
 
O erkən yaşlarından hər zəhmətə qatlaşıb, işin çətinliyindən qorxmayıb, əksinə, bilmədiklərini öyrənməyə can atıb. Adi çilingərlikdən usta, iş icraçısı və təchizat bazasının müdiri kimi vəzifələrə irəli çəkilib.  Eyni zamanda həmin dövrlərdə çalışdığı kollektivdə ona böyük etimad göstərilib, idarə həmkarlar ittifaqı komitəsinin sədri seçilib. Həmin işdə də ictimai fəallıq nümunəsi göstərərək kollektivin etimadını doğruldub. Həmkarlar komitəsində təşkilatçılıq  bacarığı ilə fərqlənən Zaməddin Həmişəyev daha sonra istehsalatdan ayrılmamaqla, Moskvadakı M.N. Şvemik adına Hüquq və Sosial Elmlər Akademiyasında qiyabi yolla təhsil alıb. Təhsilini başa vurduqdan sonra da Neft Daşlarından ayrılmayıb, ömrünün iyrimi beş ilini möcüzələr şəhərində çalışmaqla dəniz qoynunda keçirib. 
 
Uzun illər Neft Daşlarında nümunəvi çalışdığına, bütün tədbirlərin keçirilməsində fəallıq göstərdiyinə görə, Zaməddin Həmişəyev Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Mərkəzi Komitəsinə məsul vəzifəyə dəvət edilib və bir müddət sonra komitənin sədri seçilib. Altı il sədrlik fəaliyyətində ən mühüm və çətin  problemlərin həllində öz bacarıq və mövqeyini nümayiş etdirib. Həmin illərdə bir sıra xarici ölkələrin həmkarlar təşkilatları ilə təcrübə mübadilələri etmiş və faydalı işlər görmüşdür. 
O cümlədən Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Belarus kimi ölkələrin müvafiq sahə həmkarlar təşkilatlarının beynəlxalq təcrübəsini öz fəaliyyətində tətbiq edib. Elə bunun nəticəsidir ki,  Azərbaycan neftçilərinin həmkarlar ittifaqı 1995 - ci ildə Beynəlxalq AİSEF təşkilatına üzv olmuş və bu təşkilatın Vaşinqtonda keçirilən konqresində  respublikamızın neft və qaz sənayesi həmkarlar təşkilatlarının nümayəndə heyəti də iştirak etmişdir.
 
 
O, həmkarlar təşkilatındakı fəaliyyətindən sonra yenidən istehsalata qayıtdı və Bakının böyük sənaye rayonlarından olan  Əli Əmirov adına Neft və Qaz Çıxarma İdarəsində (NQÇi) ekologiya üzrə rəis müavini vəzifəsində çalışdı. Burada da  ona məşhur neftçi Kərim Kərimovla çiyin - çiyinə işləmək qismət olub. 
Zamədfin müəllim təqaüdə çıxandan sonra da Qaradağ rayonunun ictimai həyatında yaxından iştirak edir. O fəal ictimaiyyətçi və sədaqətli YAP - çıdır.
 
* Neftçi-şair Zaməddin Ziyadoğlu
 
Qazax mahalının ədəbi mühiti Azərbaycan folklorunun zənginliyi, nənələrin bayatı, oxşama nağıl və söyləmələri, uzun qış gecələrində aşıqların dastan danışması Zaməddin Ziyadoğlunun yaradıcılığına təsirsiz ötüşməyib.
 
Onun şeirlərini oxuduqca, söhbətlərini dinlədikcə xəyalən o yerlərə səyahət edirsən, gözünün önündə yurd yerləri, üstü həmişə yığnaqlı buz bulaqlar, tər bənövşələr, mehriban insanlar canlanır.
 
 
Xəyal məni çox uzağa apardı
Gah bürküyə,gah sazağa apardı,
Qanadında düz Qazağa apardı.
Köçəsgərdə xavar aldı bir pəri,
Ağrın alem,həncərisən,həncəri?
 
Belə səfər heç girməzdi yuxuma,
Xanlıxlarda çatdım boya - buxuna.
Doğma yurdum möcüzədir çoxuna,
Elat görmüş burda Sultan Səncəri,
Ağrın alem, həncərisən, həncəri?
 
Bal kimidi mahalımın ləhcəsi,
Ətirlidir torpağında bağçası.
Məclisləri sazın - sözün boğçası,
Kəsəmənli, Ağköynəkli, İncəli...
Ağrın alem, həncərisən, həncəri?
 
Zaməddin Ziyadoğlunun “Həncərisən” şeiri də müəllifin ömrünə ömür bəxş edən şeirlərdəndir. Əslində, şairin bu şeiri müəllifinə şöhrət gətirmiş, onu oxuculara tanıtmış, dillər əzbəri olmuşdur.
 
"Bu şeirdə yaşının erkən çağlarında şairin cığır-çəhlimdə, dağ-dərədə itirdiyi, Xanlıqlarda qoyub gəldiyi uşaqlığı da var, o yerlərin tarixi keçmişi də, indisi də, Xanlıqlar kəndinin adət-ənənəsi də var. Bu şeirdə Göyəzən məğrurluğu da var, “Sayalı” bulağının saflığı da, elin adət-ənənəsi də ifadə olunur, məşğulluğu da, mətbəxi də".
 
 
 
 Ömrüm boyu erkən durub, gec yatdım,
 Çox arzumun istəyinə mən çatdım,
 Qismətimin ruzusunu oyatdım,
 Kim istəməz bir qurudlu xəngəli,
 Ağrın alem, həncərisən, həncəri?
 
Onun şeirləri, publisist məqalələri, yumorlu hekayələri, poemaları “Neft daşları”, “Vışka”, “Qaradağ”, “İki sahil”, “Xalq qəzeti”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Müstəqil Respublika”, “Respublika”, “Şərq”,“Ədalət”, “Göyəzən”, “Dəli Kür” qəzetlərində, “Məshəti”, “Kulina” jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. “Neftçi” Ədəbi Məclisinin sədridir.Yüz iyirmidən çox neftçi-şairi “Neftçi” Ədəbi Məclisi ətrafında birləşdirə bilmişdir.Otuz dörd qələm sahibinin kitabının redaktoru və ön söz müəllifi olmuşdur. Şeirləri 50-yə yaxın tanınmış şairin kitabına salınmış, publisistik yazıları, müsahibələri, bədii yaradıcılıq nümunələri Azərbaycan, Türkiyə və Rusiyanın 100-dək qəzet, jurnal və dərgisində çap edilmişdir.
 
Zaməddin Ziyadoğlunun ”İlham bulağı”,“Vurğuna Vurğun gəlin”,“Tale yolum”,“Turşməzə əhvalatlar”, “Ümid çırağım”,“Borçalı nisgili”,“Həncərisən”,, “60 ildən 60 yarpaq”, “İzim, sorağım”,“Həncərisən" kitabları geniş oxucu kütləsinə yaxşı tanışdır. 
 
 
 
O, ”Əmək veteranı” medalı, keçmiş SSRİ və Azərbaycan Həmkarlar İttifaqının 40-dan artıq Fəxri fərmanı ilə təltif edilmiş, “Səməd Vurğun”, “Qızıl qələm”, “Əliağa Şıxlınski”, “XXI əsrin neftçisi” mükafatları laureatı olmuşdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezident İlham Əliyevin 18 oktyabr 2011-ci il tarixli Sərəncamına əsasən Zaməddin Ziyad oğlu Həmişəyev ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüşdir.
 
 
Zaməddin müəllim həm də gözəl ailə başçısıdır. Sevib-seçdiyi Hafizə xanımla iki gözəl qız və bir oğul böyütmüşlər.  Bir-birindən şirin nəvələri var. Əziz övladı, ürək kardioloqu Cavid Həmişəyev xain əllərlə qəfil dünyasını dəyişsə də, sınmadı, əyilmədi, özündə güc-qüvvə tapıb ayağa qalxdı. Və nə yaxşı ki, Zaməddin müəllim bu cür mərd, güclü, məğrur olmağı bacardı!  Və nə yaxşı ki, gülməyi bacardı!...
 
Hörmətli Zaməddin müəllimi, əziz dostumuzu-qardaşımızı bir daha təbrik edir, can sağlığı, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
 
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 
Baxış sayı: 952
Paylaş: