Anlamaq istədiyim və çox sevdiyim Xalq yazıçısı, ssenarist, kino-redaktor, "Nəsimi" filminin ilk laureatı, Əməkdar İncəsənət xadimi İSA MUĞANNAnın  xatirə günüdür. 
 
 
Rəhmətlə xatırlayaq.
 
Anar - AYB sədri:
"İsa Hüseynovun vəfatı ədəbiyyatımız üçün çox böyük itkidir... Şəxsən mənim üçün çox böyük itkidir... Mən İsanı bizim ədəbiyyatda Mirzə Cəlillə bərabər öz ustadım sayırdım. O, Azərbaycanda yeni nəsrin yaradıcılarından və öncüllərindən biri idi. Hər kəsin örnək saydığı bir yazıçı idi. İnsan kimi də son dərəcə nəcib, saf və gözütox bir insan idi. Onun xatirəsi mənim üçün hər zaman əziz olacaq."
 
Əsas olan öz qəlbindəkilərini yazmaqdır. 
 
Qeyri-adi adamıydı İsa Muğanna. Onunla söhbətdən insan doymazdı. Üz-gözündən nur tökülürdü sanki. Həm bu dünyadaydı, həm də yox... Öz söhbətləri özünə də zövq verirdi. Nə isə... Tək-tək doğulan adamlardandı. Yazıçıydı, şair idi, Allah adamıydı...
İsa Muğanna 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Atası Mustafa Hüseynov məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. "Azərnəşr"də Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, redaktor, Ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb.
Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26-lar", "Nəsimi", "Ulduzlar sönmür", "Tütək səsi", "Nizami") filmlər çəkilmiş, əsərləri bir çox xarici dillərə tərcümə olunmuşdur. "26-lar" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır. "Saz", "Teleqram", "İdeal", "Cəhənnəm" və s. əsərləri Azərbaycan nəsrinin incilərindən sayılır.
 
İSA MUĞANNAnın xatirələrindən:
- Mən əvvəlcə Tibb Universitetinə qəbul oldum, həkim olmaq istəyirdim. Ancaq elə oldu ki, orda müəllimlərdən biri kobud rəftarı ilə məni bezdirdi. Təhsilimi yarımçıq qoydum. Atama məktub yazdım ki, mən bu gün universiteti tərk elədim, burda bir müəllim vardı, onun bizimlə rəftarı xoşuma gəlmədi. Sonralar atam məni qohumumuz Mehdi Hüseynin yanına gətirdi, biz əmi uşağı idik, məni ona tapşırdı. Mehdiyə dedi ki, gör bundan nəsə çıxarsa qalsın burda. Sonra bir qohumum vardı, o mənə məsləhət gördü ki, Filalogiya fakültəsinə sənədlərimi verim. Onun sözünə qulaq asıb sənədlərimi verdim və qəbul olundum, beləcə təhsil almağa başladım.
O vaxt Bakıda qohumumgildə qalırdım, bir gün Mehdi Hüseyni qohumum çağırdı ki, Ay Mehdi, bu bizim başımıza oyun açır, gecə səhərəcən çırağı yandırıb yazır, neft işlədir, gəl gör bu nə yazır? O da gəldi qalın dəftərlərimi götürüb baxdı. Dedi dəftərin istədiyin yerindən bir cümlə oxu mənə. Dəftərin bir yerini açıb oxudum. Belə bir cümlə vardı ki, "yamyaşıl bahar otları onun ayaqları altında soğan kimi xışıldayırdı". Bu təbiət təsviri M.Hüseynin çox xoşuna gəldi. Dedi yazmağa davam elə. Beləcə kiçik hekayələr yazmağa başladım.
 
 
Sonra oçerk yazdım, ilk oçerkimi atam haqqında yazdım. Mehdi mənə dedi ki, səni tənqid edəcəyəm, niyə məhz atan haqqında yazdın, başqa adam yox idimi? Mən də ona belə cavab verdim: "Çünki atamı yaxşı tanıyıram". Ümumiyyətlə, yazıçı yaxşı bildiyi məsələlər haqda, mövzular, bələd olduğu insanlardan yazsa daha yaxşı olar. Beləcə, ədəbi mühitə atıldım, ilk povestlərim işıq üzü gördü, təqdir olunmağa, gənc yazıçı kimi tanınmağa başladım. Sonralar isə artıq tənqid atəşinə tutanlar tapıldı, sıxışdırılmağa başladım. Qınayırdılar ki, niyə Sovet ideologiyasını, həyatını tərənnüm edən əsərlər yazmırsan. Belə bir vaxtda da, məni müdafiə edənlərdən biri Mehdi Hüseyn oldu.
 
 
Bundan başqa, Mehdi müəllim bir dəfə məndən soruşdu ki, rusca bilirsənmi? Mən də cavab verdim ki, pis bilmirəm. Dedi onda səni göndərək Moskvaya get orda oxu, dünya ədəbiyyatını öyrən. Beləliklə, dördüncü kursdan məni göndərdilər Moskvaya Qorki adına Ədəbiyyat İnsitutuna və o mühitin həyatımda böyük rolu oldu. Dünya ədəbiyyatı ilə, qiymətli kitablarla ordakı yataqxananın kitabxanasında tanış oldum. Viktor Hüqodan müasir dünya ədəbiyyatına qədər ən görkəmli yazıçıların kitablarını oxudum və başa düşdüm ki, ədəbiyyat necə də çətin sahədir, bu sahədə təsadüfü adamlara yer yoxdur. Bir sözlə, M.Hüseynin mənim həyatımda çox böyük rolu oldu, o olmasaydı, bəlkə yazıçı kimi ortaya çıxa bilməzdim...
 
 
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) 2014-cü il aprelin 1-də ömrünün 86-cı ilində vəfat edib.
Məkanı cənnət olsun.
Xatirələrdən: 
Sevinc İsa qızı Hüseynli (Muğanna) - filologiya üzrə fəlsəfə doktoru: 
 
On doqquz il atamla anamın övladı olmayıb. On doqquz ildən sonra mən dünyaya gəlmişəm. Təbii ki, on doqquz il az müddət deyil. Həmin müddət ərzində anamdan ayrılmamaq şərtilə atamı yenidən evləndirmək istəyiblər. Deyirlərmiş ki, evlən, səndən sonra bir nişanə qalsın. Qohumlar kənddə artıq atam üçün qız da tapıblarmış. Onda atam deyib ki, övladın olmamasının səbəbi məndədir, Firuzənin heç bir günahı yoxdur. Halbuki belə bir şey olmayıb. Uşağın olmama səbəbini heç özləri də bilməyiblər. Bundan başqa, atam mənim doğulacağımı yuxusunda görübmüş.
 
1968-ci ildə ziyalılardan ibarət bir qrup İstanbula səfər edir. Danışdıqlarından yadımda qalanlar görə, Qasım Qasımzadə xanımı ilə, Məsud Əlizadə xanımı ilə, Rəsul Rza xanımı ilə, atam da öz xanımı ilə bu səfərdə iştirak edirmişlər. Atam danışırdı ki, səfər zamanı bir gecə yuxuda gördüm, otağın küncündən bir qız uşağı mənə tərəf gəldi, çarpayının kənarından tutub çarpayıya çıxdı, qucağımda oturdu və üzünü söykədi qoluma. Uşağın hərarətini hiss edib yuxudan ayıldım. Ayılan kimi Firuzə xanımı da oyatdım ki, "oyan, sənin bir qız övladın olacaq və adını Sevinc qoyacağıq". Bu sözləri eşidən anam pis olub, hətta ağlayaraq deyib ki, sən mənim yaramı niyə təzələyirsən? Mən artıq taleyimlə barışmışam. Bu hadisənin üstündən qısa müddət keçir və bəlli olur ki, anam hamilədir. Mən doğulanda atamın bacanağı, həm də yaxın dostu olan Nəbi Xəzri deyib ki, bu uşaq bizim üçün Allahın möcüzəsidir. Gəlin adını Möcüzə qoyaq. Atam da cavabında deyib ki, Nəbi incimə, ancaq mən bu uşağın adını artıq Sevinc qoymuşam...
 
Qibləgahım, deyirdin ölüm yoxdur, ayrılıq var, o da yaman olur.
Düz deyirmişsen, 7 ildir səni axtaririq. Umidimiz kəsilende yuxularda görüşürük, dərdləsirik, bölüşürük. Deyəsen, sevgili Firuze xanımınla, oglun kimi sevdiyin Elbrusunla bir yerdesiz. 
Yuxularıma da bir yerde gəlirsiz.
Heç oyanmaq istemirem o zaman.Yuxuma qerq olmaq isteyirem, amma Tanrının işine qarişmaq gunah.  Məsləhət onundur. Bizə səbr etmək , xatirələrimizdə , yuxularimizda görüşlər qalir ancaq. Buna göre də, çaresiz oldugumu anlayib deyirem: "Ikinci dogulusun, bu fani dunyadan qeybin, cənnətdəki yerin mübarek, səcdəgahım, peygəmbərim! 
Yanındakı əzizlərimə də bizdən salam söylə!...
 
 
 
 

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 511
Paylaş: