Bu gün Azərbaycan kinorejissoru, kinodramaturq, nasir, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1987), professor (1992), Azərbaycanın Respublikasının Xalq Artisti (2008), elmlər doktoru TOFİQ HÜSEYN OĞLU İSMAYILOVun doğum günüdür. 
 
Hörmətlə xatırlayaq.
Tofiq İsmayılov 6 aprel 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 190 saylı Bakı şəhər orta məktəbini bitirmişdir (1958). M.A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində (1958-1962), sonra rejissorluq fakültəsində (1962-1968) təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlamışdır (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961), rejissor (1962-1967), "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, orada bədii təlimlər rejissoru (1967-1968) vəzifələrində çalışmışdır. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır (1968-1970). Sonra "Azərbaycanfllm" studiyasında bədii fılmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir (1969-1988). 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmışdır, kafedranın müdiri olmuşdur (1988-1994). 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləmişdir. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. "Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilmişdir (1992-2011). Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında çap edilmişdir.
 
Tofiq İsmayılov rejissorluq çalışmaları ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuş, bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasına rəhbərlik etmiş, 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmış, 1988-1994-cü illərdə həmin kafedranın müdiri olmuşdur. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru kimi fəaliyyət göstərən Tofiq müəllim İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir də olmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi vardır. Gərgin elmi axtarışların bəhrəsi olan 3 cildlik "Türk xalqlarının kino tarixi" əsəri isə bu sahədə yüksək elmi dəyərə malik fundamental araşdırma kimi onun türkdilli xalqların kino mədəniyyəti qarşısında böyük xidmətidir.
İstedadlı sənətkar, gözəl pedaqoq, səmimi insan T.İsmayılov bu gün cismən aramızda olmasa da, onun ruhu çəkdiyi filmlərdə, yazdığı bədii və elmi əsərlərdə həmişə diridir.
 
Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Yasamal qəbirstanlığındadır.
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 448
Paylaş: