Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 2 ünvanında hündürmərtəbəli yaşayış binalarının inşası zamanı orada olan ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılan araşdırmalarla, “Olympus” MMC və “N-Turan” MMC–nin vəzifəli şəxslərinin qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yaşayış binalarının tikintisi üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsində mövcud olmuş, meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsinə göstəriş vermələri nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 27 min manat məbləğində ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Baxış sayı: 448
Paylaş: