Ədəbiyyatımızın yorulmaz mücahidi, Azərbaycanın xalq yazıçısı, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq yazıçısı Qılman İlkinin xatirə günüdür.
 
Ehtiramla xatırlayaq.
Ruhu şad olsun.
 
 
Əli VƏLİYEV - Azərbaycanın Xalq yazıçısı: "Ədəbiyyatımızın yorulmaz mücahidi olan Qılman İlkin həyatı bütün gözəlliyi ilə, dolğunluğu ilə əks etdirməyi bacaran yazıçıdır".          
 
Vaqif Yusifli - filologiya elmləri doktoru, professor:
"O, 96 il yaşadı, Azərbaycan yazıçıları arasında misli olmayan bir uzunömürlülüyə imza atdı. Bəlkə, 100 il də yaşayardı, hətta ikinci yüzilliyə də qədəm basardı. Amma düz 96 yaşında xəstəlik ona aman vermədi. Ömrünün sonuna qədər də qələmdən, yazıdan əl çəkmədi".
 
O yaradıcılığının ilkin dövrlərində Qılman Musayev adı ilə çap olunub. Ancaq onun qardaşı Qurban Musayev də yazıçı olduğundan və çox zaman qəzetlərdə hər iki yazıçının ancaq baş hərfləri çap olunduğundan qardaşı ilə adı qarışıq düşür. Bu zaman onun adına gələn qonarar qardaşına, qardaşının adına gələnlər isə ona çatırmış. Bu dolaşıqlığı aradan qaldırmaq üçün o, özünə İlkin təxəllüsünü götürür...
 
Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Azərbaycanın Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev) 1914-cü il aprel ayının 28-də Bakının Mərdəkan kəndində çoxuşaqlı ailədə anadan olub. Altı yaşı olanda atası dünyasını dəyişib. 1936-cı ildə indiki Pedaqoji Universitetin Dil-ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində müəllim kimi başlayıb. Daha sonra “Gənc işçi” qəzetində çalışıb və əsərləri də burada çap olunub.
 
Onun ulu babası XVII əsrdə Dağıstandan - Teymurxanşuradan gəlib. Ulu babası kəndirbazlar dəstəsində meydan qızışdıran olub. Mərdəkana gəliblərmiş, bir dəfə kəndirbazı əvəz eləyəndə qıçı sınıb, qərara alıb ki, daha Dağıstana qayıtmasın, qalsın Mərdəkanda. Babası İsabala xarrat olub. Ailə altı qardaş, iki bacıdan ibarət imiş. Qılman müəllimin böyük qardaşı Qurban Musayev də yazıçı olub, pyesləri səhnədə oynanılıb.
Qılman İlkin ibtidai təhsilini Zeynalabdin Tağıyevin Mərdəkanda açdığı Bağbançılıq məktəbində alıb. Bu məktəbdə ona Feyzulla Qasımzadə və Cəfər Rəmzi dərs deyiblər. Qılman İlkin Tağıyevi xatırlayarkən deyirmiş. “Tağıyev hərdən bizim məktəbə də baş çəkirdi, o qədər sadə idi ki, heç deməzdin bu, milyonçudur. Amma ömrünün son illərini əzəbla yaşadı. Nərimanov olmasaydı bolşeviklər onun qocalığına heç baxmazdılar”.
 
Qılman İlkin Tağıyevin məktəbini bitirəndən sonra vaxtilə "Rüşdiyyə" məktəbi adlandırılan 18 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Mərdəkan-Bakı yolu, arada xeyli məsafə olduğundan hər gün Mərdəkandan piyada Suraxanıya, oradan elektriçkaya minib məktəbə gəlirmiş. Düz beş il beləcə piyada yol gəlib. Sonralar piyada yol getməyi çox sevib. Uzunömürlülüyünün bir səbəbini də hər gün piyada yol getməyində görürmüş. 
O, burada ilkin təhsilini başa vurduqdan sonra 1926-1929-cu illərdə Pedaqoji texnikumda oxumuşdur. 1929-cu ildə, 15 yaşında ikən  Xaçmaz rayonunun Əhmədoba kəndinə müəllim göndərirlər. Məktəb  köhnə bir binada yerləşirmiş. O, kənd sovetinin sədri işləyən bir cavan oğlanın evində qalır. Həmin illər sinfi mübarizə illəri olduğundan sovet hakimiyyəti qurulandan sonra  kəndin varlıları dağlara çəkilmişdilər. Günlərin birində Qılman müəllim kitab-dəftər almaq üçün Bakıya getməli olur. Qayıdanda isə gəlib görür ki, bütün kənd matəm içindədir. Həmin cavan oğlanı - kənd soveti sədrini qolçomaqlar gecə ikən öldürüblər. Qılman müəllimin həmin gecə kənddə olmaması isə yaxşı təsadüf olub. Çünki arada ona da xəbər göndərmişdilər ki, səni də öldürəcəyik, qızlarımızı məktəbə çəkmisən. Qılman İlkin oradakı dərs ilini başa vurandan sonra Bakıya qayıdır. İllər keçəndən sonra o kənddə başına gələn əhvalatları "Ömrün oğlan çağları" povestində qələmə alır.
 
Müəllimlik fəaliyyətindən sonra APİ-nin dil-ədəbiyyat fakültəsində təhsilini davam etdirir, həm də "Gənc işçi" qəzetində  işə düzəlir. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn və başqaları ilə hələ gənc yaşlarından şəxsi tanışlığı, dostluğu olub. 
 
Qılman İlkin 1932-1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Pedaqoji Universitetin) dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır.
 
1938-ci ildən isə “Uşaqgəncnəşr”də məsləhətçi, baş redaktor və direktor vəzifələrində işləmişdir. İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq Qılman İlkin ordu sıralarına çağırılmışdır. O, müharibə illərində keçmiş Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir olmuş, Təbrizdə çıxan “Vətən yolunda” adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır. Qılman İlkin müharibədən qayıtdıqdan sonra Nizami Gəncəvi yubileyi komitəsində elmi katib, Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuşdur. O, bədii yaradıcılıqla yanaşı, uzun müddət mətbuat sahəsində fəaliyyət göstərərək, 1960-1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963-1967-ci illərdə “Azərbaycan” jurnalının baş redaktoru, 1967-1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində çalışmışdır.
 
Yaradıcılığı:
 
Qılman İlkin 1943-cü ildən etibarən ədəbi yaradıcılığa başlamışdır. Yaradıcılığının ilkin dövrlərində Qılman Musayev adı ilə çap olunub. Ancaq onun qardaşı Qurban Musayev də yazıçı olduğundan və çox zaman qəzetlərdə hər iki yazıçının ancaq baş hərfləri çap olunduğundan qardaşı ilə adı qarışıq düşür. Bu zaman onun adına gələn qonarar qardaşına, qardaşının adına gələnlər isə ona çatırmış. Bu dolaşıqlığı aradan qaldırmaq üçün o, özünə İlkin təxəllüsünü götürür. 
 
O, ədəbi yaradıcılığa bir publisist kimi başlayıb, "Ədəbiyyat qəzeti"ndə tənqidi məqalələri dərc edilib. Amma bədii yaradıcılığa 1943-cü ildə - "Yaralı şahin" adlı hekayə ilə gəlib. Sonra Nəcəfbəy Vəzirovun uşaqlıq və ilk gənclik illərindən bəhs edən "Həyat yollarında" adlı povestini çap etdirib. Əllinci illərin sonlarına qədər onun bir neçə hekayələr kitabı işıq üzü görüb. Onun bir yazıçı kimi məşhurluğu isə "Şimal küləyi" və "Qalada üsyan", “Yetimin ölümü” romanları ilə başlayıb. "Şimal küləyi"ndə Qılman İlkin Şura inqilabına qədərki Bakını, burada baş verən hadisələri təsvir edir.
 
O, altmış ildən artıq bir dövr ərzində nasir kimi zəngin fəaliyyət göstərmiş və ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının qələminin məhsulu kimi meydana çıxan çox sayda hekayə, povest və romanlarda tarixilik, vətənpərvərlik və tərbiyəvi mövzular aparıcı yer tutmuşdur. Bu əsərlər yaxın keçmişimizdə baş verən hadisələrlə və müasirlərimizin həyatından alınan bədii lövhələrlə zəngin nəsr nümunələridir. Qılman İlkinin qədim Bakının tarixi yerləri və görkəmli şəxsiyyətlərimiz haqqında silsilə xatirələri oxucular tərəfindən maraqla qarşılanmışdır. Yazıçının Qarabağ müharibəsindən bəhs edən publisistik məqalələri gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində mühüm rol oynamışdır.
 
Qılman İlkin Azərbaycanın kino salnaməsinə daxil olmuş bir neçə bədii filmin və televiziya tamaşalarının ssenari müəllifi kimi də tanınmışdır. Yazıçı bir sıra xalqların dillərinə tərcümə olunaraq ölkəmizin hüdudlarından kənarda yayılan əsərləri ilə nəsrimizi layiqincə təmsil etmişdir. Eyni zamanda onun tərcümələri sayəsində Azərbaycan oxucusu dünya ədəbi fikrinin bəzi nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
 
Qılman İlkinin müasir Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında səmərəli xidmətləri qiymətləndirilmişdir. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən Azərbaycan Respublikasının Xalq Yazıçısı və Əməkdar İncəsənət Xadimi fəxri adlarına layiq görülmüşdür. "Qırmızı əmək bayrağı", "İkinci dərəcəli Böyük Vətən müharibəsi" ordenləri, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları və müxtəlif medallarla təltif edilib. Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatına layiq görülüb. "Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988), "Bakı və bakılılar" (2006) və başqa kitabların, "Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenari müəllifidir.
 
 
Xatirələrdən:
Onun ən çox bəyəndiyi, sevdiyi şair Mikayıl Müşfiq olub. Müşfiq tez-tez onun işlədiyi "Gənc işçi" redaksiyasına gəlirmiş. Qılman İlkin Müşfiq haqqında danışanda hər zaman kövərələrmiş. Müşfiqlə bağlı xatirələrinin birində deyir: “Müşfiq üç barmağını büküb şeir oxuyurdu. Heç kim Müşfiq kimi şeir oxuya bilməzdi. Səsinin cazibəsi hamını heyran edirdi. Onu alqışlara qərq edirdilər. Süleyman Rüstəm də çox tanınırdı, çünki proletar şairiydi, əsasən ictimai-siyasi məzmunlu şeirlər oxuyurdu. Amma Müşfiq məhəbbətdən, gözəllikdən şeir oxuyurdu, uşaq kimi xasiyyəti vardı, gözlərinə baxanda ürəyini görərdin. Müşfiq "Gənc işçi" qəzetinə ona görə tez-tez gəlirdi ki, sevdiyi qız - Dilbər hər gün Darülmüəllimatdan çıxıb üzüaşağı gəlirdi. Müşfiq onun gəldiyini görüb EA-nın önündə onu qarşılayırdı. Dilbər doğrudan da çox gözəl idi. Elə gözəl idi ki, dönüb arxasınca bir də baxırdın. Müşfiq onu çox sevirdi, həm də qısqanırdı. Müşfiqin çılğınlığı, emosionallığı barədə çox yazıblar. Nöqsanları görən gözü yox idi.  Bir dəfə, APİ-də oxuyanda bizi onun dərs dediyi məktəbə-praktikaya aparmışdılar.  Dərs zamanı  küləyin təsirilə pəncərə açıldı. Müşfiq şagirdlərinin birinə dedi ki: "Get, bağla pəncərəni, Sovet hökumətinin düzəltdiyi pəncərə bundan artıq olmaz ki". 
 
İnstitutda III-IV kurslara dərs deyəndə. Gecə-gündüz oxuyurmuş ki, tələbələrin yanında pərt olmasın. İsmayıl Şıxlı, Böyükağa Qasımzadə, Tələt Əyyubov, Əziz Mirəhmədov, Zeynal Cabbarzadə Qılman İlkinin tələbələri olub. 
Qılman İlkin 1974-cü ilə qədər Azərnəşrdə baş redaktor, "Azərbaycan" jurnalında baş redaktor, Azərnəşrin direktor kimi vəzifələrdə işləyib. “Azərnəşr”ə direktor təyin olunandan sonra nəşriyyatın portfelini yoxlayır. Görür ki, Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır” əsəri nəşriyyatın portfelində yatıb qalır. Müsahibələrinin birində deyir: “”Yeraltı çaylar dənizə axır” əsərini oxudum, çox xoşuma gəldi. Qərara gəldim ki, əsər mütləq nəşr olunmalıdı. Bu yandan da rəhmətlik Mehdi Hüseyn yanıma gəlib deyir ki, filan - filan istedadlı yazıçılara kömək et. Dedim, ay Mehdi müəllim, siz onun - bunun xahişini edirsiniz, ancaq öz əsəriniz nəşriyyatda yatıb qalır, bəs onun xahişini kim edəcək? Onun bir cür gülümsünüb “əh” eləməyi var idi, eləcə əlini yelləyib “əh” elədi”. 
 
Jurnalist Əsgər İsmayılov: "Düşünürəm ki, elə bir insan tapılmaz ki, Qılman İlkin ədəbi - bədii yaradıcılığına baş vurmasın, səmimi yazıçının hekayələrindən birini oxumamış olsun. Dostum Siyavuş Əlizadə deyirdi ki, mənim ilk kitabımın ərsəyə gəlməsində Qılman müəllimin köməyi çox olub, hətta muzeyimə dəyərli eksponatlar da bağışlayıb. Qılman müəllim həqiqətən həm böyük ürəyə, həm də zəngin yaradıcılığa malik şəxsiyyət olub. Bu yaxınlarda Mərdəkan Qalasından Azərbaycanın üçrəngli hilalı asılanda yadıma Qılman İlkinin "İntiqam" hekayəsi düşdü. Hələ o zaman mərd azərbaycanlı xanımı Xəzəngül bu xalqın intiqamını erməni dığası Levondan almışdır. İndi isə Azərbaycanın şanlı ordusu bu intiqamın davamını Qarabağda bütün "levonlardan" alır.
 
Allah Qılman İlkinə rəhmət eləsin. 
Ruhu şad, məkanı cənnət olsun!"
 
Qılman İlkin 2009-cu il noyabrın 6-da ömrünün 96-cı ilində vəfat etmişdir.
 
O, 96 il yaşadı... 
Azərbaycan yazıçıları arasında misli olmayan bir uzunömürlülüyə imza atdı. Ömrünün sonuna qədər də qələmdən, yazıdan əl çəkmədi...
 
Tanınmış yazıçı, gözəl publisist və təvazökar insan Qılman İlkinin xatirəsi onu tanıyanların, sevənlərin qəlbində həmişə yaşayacaqdır.
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 970
Paylaş: