Azərbaycan SSR Xalq rəssamı,  Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı RASİM BABAYEVin xatirə günüdür.
 
Hörmətlə xatırlayaq.
Rasim Babayevin sənətkarlığından danışarkən  onun əsərlərinin mövzusunun həyatın təzadları üzərində qurulduğunu, yaradıcılığında xalq motivləri, mifoloji simvolların mühüm yer tutduğunu, rəng palitrasının zənginliyini qeyd etmək lazımdır. 
Rəssamın Şərq və Qərb sənətindən bacarıqla bəhrələnərək yarstdığı sənət əsərləri əsərləri sanki adamla danışır, canlıdırlar. 
Elə yaratdığı “Ana” obrazını götürək. 
İlk baxışdan bu ana, gözəl qadın təsiri bağışlamasa da, xeyirxah sifəti, gözləri ilə sanki ona baxanlara deyir - hələ bir mənim yaşıma çatın!.. 
Belə səmimi niyyəti onun demək olar ki, bütün əsərlərində görmək olur. Abşeron mövzusu, onun adamları sənətkarın yaradıcılığında mühüm yer tutur. 
 
79 yaşında dünyasını dəyişən rəssamın əsərlərinə baxarkən insan sanki qayğısız uşaqlıq çağlarına qayıdır. 
Onun işlərində qəribə bir saflıq, işıqlı paklıq hiss olunur. 
Onun qəhrəmanlarında yalan maskası yoxdur. Əksinə, o həyatın əbədi kökünü açıqlayır, məhəbbəti, ehtirası, ümid və ümidsizliyi, xeyir və şəri - iki danılmaz həyat həqiqətini təhlil edir. O, qarşısına çıxan maneələrə baxmayaraq təfəkkürü, ləyaqəti, vicdanı ilə tutduğu yoldan dönməyərək səbir və təmkinlə işlərini davam etdirərək özünə və sənətinə sadiq qalırdı.
Adama elə gəlir ki, işığın və qaranlığın əlaqəsi Rasim Babayev yaradıcılığında çox təbiidir, öz-özünə meydana çıxır. Bu, istedadın kimsəyə tabe olmayan hökmündən irəli gəlir. Onun yaratdığı lövhələr adətən vəhdəti, yetkinliyilə də seçilir. Onlarda qara rəng faciə təcəssümü deyil. Bu, zamanın, baş verən hadisələrin düzümünü, inkişafını təqdim edir. Qara rəng yaranış, yaradıcılıq, əmək rəmzi kimi özünü göstərir.
 
Qısa arayış:
Rasim Babayev 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rasim Babayev Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1945-1949) və V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda (1949-1956) təhsil almışdır. Boyakarlıq və dəzgah qrafikası janrlarında işləmişdir. 
"Daşkəsən", "Sumqayıt", "Qobustan", "Xınalıq" linoqravüra silsilələrinin, habelə "Ölüm Düşərgəsi", "Qardaş Xatirəsi", "Dağlar", "Yer", "Göy" və s. boyakarlıq əsərlərinin müəllifidir.
R.Babayev kitab tərtibatı və illüstrasiyası(Rabindranat Taqorun "Fəlakət", Nazim Hikmətin "Kəllə" əsərləri və s.) sahəsində də çalışmışdır. 
Bir sıra uşaq kitablarına rəngli illüstrasiyalar çəkmişdir. (Süleyman Sani Axundovun "Qorxulu Nağıllar" və s.). İfadəli monumental kompozisiya, lakonik xətlər və rənglər R. Babayevin yaradıcılığı üçün səciyyəvidir. 
Əsərləri bir sıra xarici ölkə sərgilərində nümayiş etdirilmişdir. Tretyakov qalereyasında (Moskva) və Şərq xalqları incəsənəti muzeyində (Moskva) əsərləri var.
Xalq rəssamı Rasim Babayevin yaradıcılığında Qobustan, Səma və bu qəbildən olan əsərləri ilə yanaşı yaradıcılığında xüsusi yer tutan “Xəyalpərəst div”, “Söhbət” əsərləri onun yaradıcılıq diapozonunun nə qədər geniş olduğunu göstərir. Bundan əlavə ekspozisiyada rəssamın “Püstə ağacı” (kətan, yağlı boya), “Sahil” (orqalit, yağlı boya), “Torpaq” (kətan, yağlı boya), “Səma” (kətan, yağlı boya) əsərləri nümayiş etdirilir.
29 oktyabr 2014-cü ildə Sankt-Peterburqda Rus Muzeyinin Mərmər Sarayında Rasim Babayevin əsərlərinin sərgisi keçirilib. Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
 
Rasim Babayevin məhsulu olan bu gözəl sənət əsərləri hələ uzun illər öz tamaşaçısının qəlbinə yol tapıb müəllifin demək istədiklərini onlara çatdıracaq.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Baxış sayı: 313
Paylaş: