İxtisasca həkim olan tarzən Hacı Məmmədovun ifasında "Orta Mahur" muğamı bir şedevrdir...
 
Azərbaycanın tanınmış tarzəni, Azərbaycan SSR Xalq artisti, Azərbaycan Tibb Universitetinin müəllimi Hacı Məmmədovun doğum günüdür.
Hörmətlə anırıq.
 
Onun ifaçılığı ayrıca bir məktəbdir.
Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olmuşdur. 1943–1948-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır. 1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərmişdir. 1930–1948-ci illərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləmiş, 1949-cu ildən Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olmuşdur.
 
Onun yaradıcılığında muğamlar bir zirvədir.
 
H. Məmmədov rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. Bülbül (müğənni), Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət etmiş, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olmuşdur.
Hacı Məmmədov 1981-ci il avqustun 2-də Bakıda vəfat etmişdir.
 
Hacı Məmmədov "Azərbaycan SSR Xalq artisti" (18 may 1963), "Azərbaycan SSR Əməkdar artisti" fəxri adlarına, "Şərəf Nişanı" ordeni (9 iyun 1959), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (25 aprel 1980)na layiq görülmüşdür.
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Baxış sayı: 241
Paylaş: