Azərbaycanın Əməkdar İncəsənət xadimi, bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın, dahi Üzeyir Hacıbəylinin son və sevimli tələbələrindən biri - ƏDİLƏ HÜSEYNZADƏ
 
Hörmətlə xatırlayaq.
 
Ədilə Hacıağa qızı Hüseynzadə 1916-cı il aprelin 29-da dünyaya göz açıb.
O, XX əsrin 40-cı illərində Üzeyir Hacıbəylinin  təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlmiş, 1942-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsində Üzeyir bəydən dərs almışdır.
 
Ədilə Hüseynzadə Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. Ə. Hüseynzadə bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaratmışdır. Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. 
 
Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ə. Hüseynzadənin Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şerlərinə bəstələnmiş romansları və şəksiz nailiyyəti olan "Duyğular" vokal silsiləsi musiqimizin inciləridir.
 
Ədilə Hüseynzadə Ü.Hacıbəylinin "Arşin mal alan" operettası əsasında çəkilmiş bədii filmdə (1945) Asya rolunu səsləndirmişdir. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün oldüğü kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra iri həcmli əsərlər də yaratmışdır.
 
 
 
Ə.Hüseynzadə (1953-1988) Bülbül adına orta ixtisas musiqi məktəbində "bəstəkarlıq" fənnindən dərs demiş, gənc istedadların aşkarlanması işində əlindən gələni əsirgəməmişdir. Hazırda Azərbaycan musiqi mədəniyyətimizi yüksək səviyyədə təmsil edən SSRi xalq artisti Müslüm Maqomayev, Azərbaycanın xalq artisti Firəngiz Əlizadə, Sevda İbrahimova, Elnarə Dadaşova məhz Ədilə xanımın rəhbərliyi altında sənətdə ilk kövrək addımlarını atmışdır.
 
Ədilə Hüseynzadə 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi və onun tədbirlərində fəal iştirak edirdi.
 
Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, dahi Üzeyir Hacıbəylinin son və sevimli tələbələrindən biri Ədilə xanıın Hüseynzadə 2005-ci ildə vəfat etmişdir.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 349
Paylaş: