Azərbaycan Demokratik Respublikası parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Azərbaycanın ilk hüquq professoru, Sarbonna Universitetinin məzunu Mustafa ağa Məmməd ağa oğlu Vəkilovun xatirə günüdür.
 
Ehtiramla xatırlayaq.
 
Azərbaycana çox istedadlı, vətənpərvər, qeyrətli oğullar bəxş etmiş Vəkilovlar nəslinin daha bir övladı - Azərbaycanın ilk hüquq professoru Mustafa ağa Məmməd ağa oğlu Vəkilovdan söhbət açmaq istəyirik. 
 
O kim idi? 
 
MUSTAFA AĞA VƏKİLOV 25 yanvar 1899-cu ildə Qazax qəzasında Azərbaycan xalqının görkəmli ziyalısı maarif fədaisi, görkəmli ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində anadan olmuşdur. 
 
Mustafa ağa ailənin yeganə övladı olmuş və atası ona öz atasının adını qoymuşdur.
Atası Məhəmməd ağa Vəkilov Azərbaycan Xalq Cümhuriyyətinin dəftərxana rəisi işləyib. Bibisi Badisəba xanım Vəkilova maarifpərvər ədib Firudin bəy Köçərlinin həyat yoldaşı olub.
 
Məhəmməd ağa Vəkilov oğlu Mustafanı orta təhsil almaq məqsədi ilə Tiflisdə 1-ci oğlanlar gimnaziyasına qoymuşdur. Həmin dövrdə Tiflis Qafqazın mədəniyyət mərkəzi sayılırdı. Təsadüfi deyil ki, həmin dövrdə şəhərin elitar mühitinin əksəriyyətini məhz azərbaycanlı ziyalılar təşkil edirdi. Bu ziyalılar arasında Mustafa Vəkilovun atası Məhəmməd ağa Vəkilovun xüsusi çəkisi var idi. 
 
Mustafa Vəkilov Tiflisdə 1-ci oğlanlar gimnaziyasını medalla bitirmişdir. Onun gimnaziyada təhsil aldığı müddətdə linqivistik istedadı da üzə çıxmışdır. M.Vəkilov eyni vaxtda fransız, alman, latın dillərini əla qiymətlərlə oxuması onun bu sahədə xüsusi istedadından xəbər verir. Mustafa Vəkilov gimnaziyanı qurtaran ili Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində işləmişdir.
 
O həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdəki daimi nümayəndəliyində tərcüməçi vəzifəsində çalışmışdır.
 
Azərbaycan Xalq Cümhuriyyəti parlamenti 1919-cu il sentyabrın 1-də keçirilən iclasında Bakı Dövlət Universitetinin təsis olunması və hökumətin təklifinə əsasən bu sahədə milli kadrların hazırlanması üçün 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi.
 
Mustafa ağa Vəkilov da həmin gənclərdən biri kimi Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir.
 
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında onun 2-ci kursa keçdiyi göstərilirdi. Universiteti bitirdikdən sonra hüquq magistri elmi dərəcəsi almışdır (1924).
 
Mustafa ağa Vəkilov təhsilini başa vurduqdan sonra Moskvaya, Kremlə gələrək orada MİK-in sədri N.Nərimanovla görüşüb. N.Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi təklif edib. M.Vəkilov bu təklifi qəbul etməyib və 1924-cü ildə Bakıya qayıdıb. 
O, Bakıda Konyuktor Bürosunda əvvəlcə katib, sonra isə rəis vəzifəsində işləyib. 
Vəkilov 1924-1927-ci illərdə Azərbaycanın ədliyyə orqanları, 1927-1937-ci illərdə ali məktəblərində çalışmış, həmçinin elmi-tədqiqat, tərcümə və redaktə işi ilə məşğul olmuşdur.
 
1925-ci ilin mayında M.Vəkilov hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olunmuşdur. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttış-təlimatçı, eyni zamanda xüsusilə mühüm işlər üzrə xalq məhkəməsi hakimi vəzifəsində çalışmışdır. Bakı və onun rayonlarında mühüm mülki işlərə rəhbərlik də ona həvalə olunmuşdur. 1928-ci ildə o, öz xahişi ilə Ədliyyə Komissarlığından işdən azad olunmuşdur.
 
Mustafa Vəkilov 30 aprel 1927-ci il tarixdə öz bibisi qızı Müqəddəsnisə ilə ailə qurmuş, bu izdivacdan onların Çingiz adında bir oğlu, Nigar adında isə bir qızları olmuşdur.
 
Mustafa ağa Vəkilov sonra 1927-ci ildən dərs dediyi ADU hüquq fakültəsində pedaqoji və elmi fəaliyyətlə məşğul olmuşdur. AzDETI təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək buranın sovet quruculuğu və hüquq şöbəsinin aspiranturasına qəbul olunmuşdur.
1928-ci ildə M.Vəkilov öz xahişi ilə Ədliyyə Komissarlığındakı işindən azad edilib. Sonralar, əsasən, 1927-ci ildən dərs dediyi Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində pedoqoji və elmi fəaliyyətlə məşğul olub.
 
AzDETİ təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək, buranın sovet quruculuğu və hüquq şöbəsinin aspiranturasına daxil olub.
1930-1931-ci tədris ilinin sonlarında aspiranturanı bitirib (aspiranturasının ilk buraxılışı) dosent dərəcəsi almışdır.
Mustafa ağa Vəkilov 1935-ci ildə Az.SSR Konstitusiyası türk mətninin redaktoru olmuşdur. O, eyni zamandə tərcümə və redaktə işləri ilə məşğul olmuşdur. 1935-ci ildə o dövlət və hüquq elmləri namizədi alimlik dərəcəsi alaraq, təsərrüfat-hüquq kafedrasının professoru olmuşdur. 
Beləliklə o, Azərbaycanda hüquq professor adını almış ilk azərbaycanlı alim olmuşdur.
  
Mustafa ağa Vəkilov iki iri elmi əsərin müəllifidir: «İnqilabdan əvvəlki Azərbaycanda nikah münasibətləri», «Hüquq və əxlaq». Hüquqi mövzularda əsərlər, həmçinin mülki hüquqdan qısa dərslik yazmış, "Rusca-Azərbaycanca lüğət" (Bakı, 1938) tərtib etmişdir.
 
1935-ci ildə gənc alim Azərbaycan SSR Konstitusiyası türk mətninin redaktoru olub. M.Vəkilov eyni zamanda tərcümə və redaktə işləri ilə məşğul olmuş, 1935-ci ildə professor dərəcəsi alaraq, pedoqoji fəaliyyətini davam etdirib. Beləliklə o, Azərbaycanın Professor dərəcəsi alan İlk Hüquqşünas Alimi olub. 
 
1937-ci il repressiyaları Mustafa ağa Vəkilovdan da yan keçmədi. 1937-ci ilin noyabrın 21-i gecəsi Mustafa ağa Vəkilovun evində axtarış apararaq, onu həbs etdilər. Onun mənzilində Firudin bəy Köçərlinin (Badisəba bibisinin əri) Azərbaycanın müxtəlif regionlarından min bir əziyyətlə topladığı folklor nümünələri götürüldü. Mustafa Vəkilovun istintaqını XDIK DTI 4-cü şöbəsi 6-cı bölməsinin operativ əməliyyat müvəkkili Haqverdiyev aparırdı.
Sorğu-suallar aylarca vaxt apardı. Anasının Tehranda yaşayan qardaşı ilə (Məmməd bəy Şıxlinskini nəzərdə tuturdular), siyasi baxışları ilə maraqlanırdılar. Rəsmən ona qarşı irəli sürülən ittiham isə bundan ibarət idi ki, Mustafa Vəkilov "əksinqilabi millətçi təşkilatın üzvüdür, onu bu işə hüquq fakültəsinin keçmiş dekanı Quliyev Məcid cəlb etmişdir".
 
Onları tələbələr arasında əksinqilabi iş aparmaqda, onların beyninə Azərbaycanın əsarətdə olduğu, ölkənin sərvətlərinin talanıb aparıldığı, ruslaşdırma siyasəti yürüdüldüyü haqqında fikirlər doldurmaqda ittiham edir, lakin bunu sübut edə bilmirdilər. Ondan hər şeyi etiraf etməyi tələb edirdilər. Institutun bəzi müəllimlərindən onun əleyhinə alınan ifadələrdə göstərilirdi ki, guya Mustafa Vəkilovun mühazirələri qəlizdir, ruscadan bir kitab belə tərcümə etməyib, onun rəhbərliyi altında müdafiə edən Baratzadə dissertasiyasında burjua inqilabının rolunu düzgün izah etməyib, buna görə zalda olan tələbələr hay-küy salmışlar, Vəkilov ictimai işlərə əhəmiyyət vermir, kütlələrdən qaçır, kafedraya yaxşı rəhbərlik etmir, zaçot vaxtı azərbaycanlı tələbələrə aşağı qiymət yazıb və onlar bundan narazı qalıblar və sair. Kamera yoldaşları onu "professor" deyə çağırırdılar. Mustafa dindirilərkən özünü mərdanə aparır, ittihamları cəsarətlə rədd edirdi...
İl yarım çəkən məşəqqətli məhbəs həyatından, heç nəyi sübut edə bilməyən üzücü istintaqlardan sonra Mustafa Vəkilov 1939-cu ilin martında edamlar, güllələnmələr dalğası ötdükdən sonra nisbətən yüngül cəza ilə canını qurtardı. 
 
1941-ci ilin yanvarın 25-də XDİK yanında Xüsusi Müşavirədə Mustafa Vəkilova «antisovet-millətçi təşkilatda iştirakına görə” cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 
 
Taleyin acı istehzasından Mustafa Vəkilov sürgün vaxtını bitirsə də, azad olub vətənə dönə bilmir. Onun son məktubunu ürək ağırısı olmadan oxumaq mümkün deyil: "Əzizim Müqəddənisə! Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağırılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mustafa...". Lakin təssüflər olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat etdi.
 
Mustafa ağa Vəkilov 1943-cü il aprelin 30-da 44 yaşında, sürgündə vəfat etmişdir. 
Onun əziz xatirəsi unudulmayacaq, Azərbaycanın ilk hüquq professoru, ziyalısı kimi tarixdə qalacaqdır.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 340
Paylaş: