Bu gün Azərbaycanın Xalq artisti, görkəmli tarzən, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli sənətkarımız RAMİZ QULİYEVin doğum günüdür.
Ustad tarzən ömrünün 74-cü ilinə qədəm qoyur. Hörmətli Ramiz müəllimi ürəkdən təbrik edir, uzun sağlıqlı ömür, yaradıcılıq uğurları arzulayırıq!
 
 
Ramiz Quliyev nəinki Vətənimizdə, həmçinin dünyanın əksər ölkələrində Azərbaycan tarının şöhrətini, adını hər kəsə nümayiş etdirib. 
Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və s. ölkələrdə konsertlər verib. 
 
1989-cu iidə "Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsertlər verib. 
1964-1994-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib. Tarzən Ramiz Quliyev uzun illərdir görkəmli pedaqoq kimi çalışır.
Onun yetirmələri Azərbaycan tarının şöhrətini hər zaman zirvələrə daşıyır.
Qısa arayış:
Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
O, Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 
1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub. 1963-1964-cü illərdə Ağdam 1 saylı, 1965-1974-cü illərdə Bakı 1 və 20 saylı musiqi məkləblərində, 1974-1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 322
Paylaş: