"Çəkdiklərim mənə bəsdi", “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapan "agzım uzun ömrə sulandı vallah..." deyən şairə FƏRQANƏ MEHDİYEVAnın xatirə günüdür.
 
Xatırlayaq. Ruhu şad olsun.
 
Taleyin köçümə köçü çatmadı,
İstədim “beş” alam, “üç”ü çatmadı.
ATAmın, ANAmın gücü çatmadı,
Siz məni qoymayın şair olmağa.
 
"Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri, Prezident təqaüdçüsü Fərqanə Mehdiyeva 19 fevral 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib.
 
Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
Fərqanə Mehdiyeva 02 may 2020-ci ildə Bakıda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmiş, 3 mayda Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. 
 
Yonduğun məzar daşları,
Sənə dərd, azar verməsin.
A müştəri gözləyənim,
Heç Allah bazar verməsin!...
 
Frqanə Mehdiyeva yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.
Allah rəhmət eləsin.
Fərqanə MEHDİYEVA
DAŞ YONANLA SÖHBƏT
 
Usta, alverin çox olar,
Bu qara rüzgarla çağla.
İstəyirəm bir beh verim,
Yaxşısını mənə saxla.
 
Hardan gəlib çıxdım bura,
Bir özgə yolum olmadı?
İndidən alım, sonralar
Bəlkə heç pulum olmadı…
 
Bax üzümə baxır o daş,
Sındırma könlü xoş olsun.
Eləsini saxla, qardaş,
Başıma yaraşan olsun.
 
Bəlkə almasam da olar,
Bu ehtiyac bir həvəsdi.
Qəbrimin üstə qoymaya
Başıma düşən daş bəsdi!
 
Birin behlə, çıxım gedim,
Kimsəyə gərək olmasın.
Nə qəribə peşən varmış,
Görüm, mübarək olmasın!
 
Yonduğun məzar daşları,
Sənə dərd, azar verməsin.
A müştəri gözləyənim,
Heç Allah bazar verməsin!
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 457
Paylaş: