"Hər bir insan açılmayan bir sirlə yaşayır. Qaldı ki, yaradıcılıq sirri, onu da açıqlamaq olmaz. Əgər açıqlasan, nağıllarda olduğu kimi, tilsim qırılar” - AQŞİN ƏLİZADƏ
 
Azərbaycanın görkəmli bəstəkarı,  Azərbaycan SSR Xalq artisti, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycanın “Şöhrət”  və “Şərəf” ordeninə layiq görülən AQŞİN ƏLİZADƏnin xatirə günüdür.
 
Ehtiramla xatırlayaq.
 
Üzeyir məktəbinin davamçısı Aqşin Əlizadə Azərbaycan incəsənətinin görkəmli nümayəndəsi, musiqi xəzinəmizi zənginləşdirən bəstəkar, özündən sonrakı nəslə bəstəkarlıq sənətinin sirlərini aşılayan müəllim, maraqlı düşüncələri və müdrik tövsiyələri ilə insanlara xoş təsir bağışlayan gözəl və səmimi insan idi.
 
Aqşin Əlizadə Qara Qarayev və Fikrət Əmirov ənənələrinə xas olan cəhətləri özünəməxsus tərzdə davam etdirməklə, fərdi üslubunu meydana gətirən bəstəkardır. 
Bu keyfiyyətləri onun ölməz musiqisində də öz əksini tapır. O, musiqimizə yeni üslub, yeni nəfəs gətirən sənətkarlarımızdandır. Bəstəkarın musiqisi elə ilk xanələrindən özünəməxsusluğu ilə seçilir və müəllifini tanıdır.
 
QISA ARAYIŞ:
Aqşin Əlizadə Sovet  İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə(Mixaylo)nin  bacısı Bikə xanımın oğludur. 
Bəstəkar Əli Əlizadənin atasıdır.
 
Aqşin Əliqulu oğlu Əlizadə 1937-ci il  mayın 22-də Bakı şəhərində anadan olub. Gənc Aqşin özündə dayısı Mehdi Hüseynzadə kimi incəsənətə böyük bağlılıq hiss edirdi. Bildiyimiz kimi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin yüksək rəssamlıq bacarığı vardı. Lakin qəhrəman döyüşçünün bacısı oğlu musiqiyə daha çox həvəs göstərirdi və bu da onu Bülbül adına orta ixtisas musiqi məktəbinə gətirdi. 1955-ci ildə həmin məktəbi bitirərək, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olundu. Görkəmli bəstəkar Əhməd Cövdət Hacıyevin sinfində təhsil alması onun bir bəstəkar kimi formalaşmasında mühüm rol oynadı. Artıq o, ilk uğurlara da imza atmağa başladı. 1962-ci ildə Konservatoriyanı bitirdikdən sonra I Gənc Bəstəkarların Ümumittifaq Müsabiqəsində və "Zaqafqaziya Baharı" Festivalında I dərəcəli diplomlara layiq görüldü.
 
Aqşin Əlizadə daim axtarışda olan, yaradıcılıq üfüqlərini genişləndirən, sənətkarlığını kamilləşdirməyə can atan bəstəkar idi. Onun musiqi üslubu zaman keçdikcə cilalanır, yeni təmayüllərin və həyat təcrübəsinin təsiri ilə yenilənir, lirik-pastoral boyalar yerini miqyaslı kompozisiyalara, dramatik-faciəvi ovqatlara verirdi. Lakin Aqşin Əlizadənin ən müxtəlif dövrlərdə yazılmış əsərlərinin hamısını bir ümumi cəhət birləşdirir: səmimilik, təbiilik, həyata inam və xalqına məhəbbət.
 
Aqşin Əlizadə doğma torpağının nəğməkarı idi.  Onun əsərləri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin səhifələrini canlandırır, füsünkar vətən təbiətini vəsf edir, sadə, qonaqpərvər, məğrur insanlardan söhbət açırdı. Kamera orkestri üçün şux, oynaq "Aşıqsayağı", odlu nəfəsli "Cəngi", fortepiano üçün yazılmış müdrik düşüncəli "Dastan", əziz xatirə səhifəsi olan "Qoca xanəndə" orqan pyesi, müşayiətsiz xor üçün yazılmış, xalq poeziyasının gözəlliyini tərənnüm edən "Bayatılar" silsiləsi, vətənə sonsuz sevgi və vurğunluq hissi aşılayan "Kənd suitası", musiqisində ağrılı-acılı keçmişimizin, mübarizəmizin nəfəsini duyduğumuz Üçüncü, Dördüncü,  Beşinci simfoniyalar və ən nəhayət,  həm A.Əlizadə yaradıcılığının, həm də XX əsr Azərbaycan musiqisində tarixi səpkidə milli qəhrəmanlıq əsəri olan "Babək" baleti dediklərimizə əyani misaldır.
 
Aqşin Əlizadənin 1971-ci ildə yazdığı “Babək” əsəri ilk qəhrəmanlıq baleti hesab olunur. Onun üslub axtarışları bu baletdə əksini tapır. Bəstəkarın “Qafqaza səyahət” və “Ümid valsı” baletləri də kamil sənət nümunələridir. 
 
Sənətkar bütün əsərlərində öz məqsədinə nail olub. O,  başlıca məqsədinin lirik qadın və qəhrəman kişi obrazı yaratmaq olduğunu dilə gətirmişdi. Qeyd edirdi ki, tarixin parlaq səhifələrini musiqi dilinə çevirmək bəstəkarların əsas işi olmalıdır. Müəllifin “Babək” baletindəki baş qəhrəman və A.Dümanın əsəri əsasında yazdığı “Qafqaza səyahət” baletindəki Xurşudbanu Natəvan obrazları buna gözəl nümunədir.
Bəstəkarın yaradıcılığının mühüm bir hissəsini xor əsərləri təşkil edir. A kapella üçün “Bayatılar” xor əsəri, “Azərilər” kantatası bu janrda ən gözəl nümunələrdir. Yaradıcılığını milli köklər üzərində quran sənətkar bu cəhəti bütün janrlara tətbiq etmişdir. Onun IV simfoniyasının V hissəsində eşitdiyimiz “Gül açdı” xalq mahnısının intonasiyaları klassik musiqi janrına milli ruh gətirmişdir.
 
Ümumiyyətlə, Aqşin Əlizadə  "Babək",  "Qаfqаzа səyаhət", "Ümid vаlsı" baletləri, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya,  50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.
 
Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmiş və Bakıda, I Fəxri xiyabanda dəfn olunmuşdur.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 358
Paylaş: