Elon Musk ABŞ hakimiyyətinin milli təhlükəsizlik səbəbləri ilə qadağan etməyə çalışdığı və Çin şirkəti ByteDance-ə məxsus olan TikTok platformasını almaqda maraqlı olmadığını bildirib. Biznesmen bu məsələ ilə bağlı ilk dəfə ötən ay Almaniyada keçirilmiş konfransda fikir bildirib. Tədbir Alman media konglomeratı Axel Springer-in rəhbəri Mathias Doepfner tərəfindən təşkil olunmuşdu.
“Mən TikTok-un alınması ilə bağlı heç bir təklif etməmişəm.Əgər TikTok-a sahib olsaydım, nə edəcəyim barədə heç bir fikrim yoxdur” – deyə Elon Musk bildirib və şəxsi olaraq bu platformadan istifadə etmədiyini qeyd edib. “Mən TikTok-u almağa tələsmirəm. Adətən, şirkətləri sıfırdan qururam” – deyə Musk əlavə edib. O, 2022-ci ildə Twitter-i almış, daha sonra platformanın adını X olaraq dəyişdirmişdi.

Keçən ay Bloomberg News agentliyi Elon Musk-ın TikTok-un ABŞ biznesini ala biləcəyi barədə məlumat yaymışdı. Lakin görünən odur ki, şirkət ABŞ-da qadağadan qaça bilməyəcək və buna görə də ByteDance məcburən ABŞ bölməsini satmalı olacaq. ABŞ prezidenti vəzifəsinə başladıqdan dərhal sonra Donald Trump, TikTok-un ölkədə bloklanmasını müvəqqəti dayandıran fərman imzalamışdı. Bu addım ByteDance şirkətinə satış üçün əlavə vaxt qazandırmışdı. Trump həmçinin Elon Musk və ya Oracle şirkətinin rəhbəri Larry Ellison-un TikTok-un yeni sahibi olmasına etiraz etməyəcəyini bildirmişdi.
Mənbə: Bloomberg