Yaponiyanın SoftBank holdinqi, OpenAI şirkətinə 40 milyard dollara qədər investisiya yatırmaq üzrə razılaşmanı başa çatdırmaq üzrədir. CNBC-nin məlumatına görə, bu investisiya OpenAI-nin bazar dəyərinin ilkin qiymətləndirilməsinin 260 milyard dollar olduğu bir dövrdə həyata keçirilir. Məlumata görə, bu vəsaitin bir hissəsi SoftBank, OpenAI və Oracle tərəfindən yaradılmış Stargate adlı birgə müəssisənin maliyyələşdirilməsi üçün istifadə olunacaq. CNBC-nin məlumatına əsasən, ilk ödəniş bu ilin yaz fəslində OpenAI şirkətinin hesabına köçürüləcək. Bütün məbləğin tam ödənilməsi isə 12-24 ay zaman alacaq.
Bu investisiyanın həcmi ilk müzakirə olunmuş məbləğdən 15 milyard dollar çoxdur. Çünki 1 həftə əvvəl aparılmış danışıqlarda daha kiçik bir məbləğ nəzərdə tutulurdu. New York Times qəzetinin məlumatına görə, bu maliyyələşdirmə raundunda bir neçə digər investor da iştirak edir və onlar ümumi məbləğin 1/4 hissəsini təmin edəcəklər. Bu razılaşma investorların hələ də OpenAI kimi süni zəka bazarının liderlərinə optimist yanaşdıqlarını göstərir. Bu optimizm, Çin şirkəti DeepSeek-in öz süni zəka modellərini təqdim etməsindən sonra həmin şirkətlərin səhmlərinin dəyərinin azalmasına baxmayaraq qorunub saxlanır.

DeepSeek-in modelləri ABŞ texnologiya nəhənglərinin öz modellərinə xərclədiklərindən xeyli daha az büdcə ilə hazırlanıb və bu, sektorda yeni rəqabət yaradıb. New York Times-ın mənbələrinin qeyd etdiyinə görə, yeni maliyyələşdirmə sayəsində OpenAI dünyanın ən bahalı özəl şirkətlərindən birinə çevriləcək. Bu, onu SpaceX və TikTok-un sahibi ByteDance kimi şirkətlərlə eyni səviyyəyə çıxaracaq. Keçən həftənin əvvəlində SoftBank və OpenAI, Yaponiyada süni zəka xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi üçün “SB OpenAI Japan” adlı birgə müəssisə yaratdıqlarını elan etdilər. Bundan əlavə, SoftBank-a daxil olan şirkətlər OpenAI-nin süni zəka texnologiyalarından istifadə etmək üçün hər il 3 milyard dollar vəsait ödəyəcəklər.
Mənbə: CNBC