Bakı. Günaydın:
Mərkəzi Bank rəqəmsal manatın təhlükəsizliyini təmin etmək üçün bir neçə strategiya nəzərdə tutur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.
“Rəqəmsal manatın təhlükəsizliyini təmin etmək üçün vacib strategiyalardan biri rəqəmsal manatın bütün əməliyyatları yüksək səviyyəli şifrələmə metodları ilə qorunmasıdır. Bununla yanaşı iki və üçmərhələli autentifikasiya, biometrik təsdiq və elektron imza texnologiyalarından istifadə olunacaq. Maliyyə əməliyyatlarının təhlükəsizliyi üçün real vaxt rejimində nəzarət və monitorinq mexanizmləri fəaliyyət göstərəcək. Potensial təhdidlərin proqnozlaşdırılması və vaxtında qarşısının alınması üçün qabaqcıl texnoloji həllər tətbiq ediləcək”, – deyə Mərkəzi Bankdan bildiriblər.
<!—-> <!––>
Qeyd edilib ki, DDoS hücumları və digər kiber risklərə qarşı müstəqil təhlükəsizlik infrastrukturunun yaradılması nəzərdə tutulur: “İstifadəçilərin rəqəmsal cüzdanlarının qorunması və kiberhücum nəticəsində mümkün itkilərin kompensasiya olunması üçün maliyyə təhlükəsizliyi sistemləri formalaşdırılacaq”.
“Rəqəmsal valyutaların tətbiqində kiberhücumlara və dələduzluq hallarına qarşı effektiv müdafiə mexanizmlərinin formalaşdırılması əsas prioritetlərdən biridir. Bütün bu tədbirlər müasir kiber təhlükəsizlik standartlarına uyğun olaraq, beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçiriləcək”, – deyə Mərkəzi Bankdan verilən məlumatda əlavə edilib.