Bakı. Günaydın:
Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımların həcmi 2,1 milyon manata çatıb.
Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 1,8 milyon manat və ya 46,7% azdır. Bu sığorta növü üzrə ödənişlərin həcmi 1,33 milyon manat olub ki, bu da, illik müqayisədə 250 min manat, yaxud da 23,3% çoxdur. Belə ki, 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımların həcmi 3,9 milyon manat, ödənişlərin həcmi isə 1,08 milyon manat təşkil edib.
<!—-> <!––>
Bununla yanaşı, bəhs olunan dövrdə kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə sığorta haqlarının həcmi 12,1 milyon manat, ödənişlərin həcmi 5,2 milyon manat olub. Bunlar da, illik müqayisədə müvafiq olaraq 810 min manat (6,2%) az, 3,7 milyon manat çoxdur. 2023-cü ildə kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığımların həcmi 12,9 milyon manat, ödənişlərin həcmi isə 3,5 milyon manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarının ümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumi həcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4 milyon manat və ya 28,1% artım deməkdir.