Bakı. Günaydın:
“Kapital Bank” 2024-cü ilin yekunları və 2025-ci ilin planlarına həsr olunmuş mətbuat konfransı keçirib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, mətbuat konfransında əsas müzakirə mövzuları bunlardır: 2024-cü ilin maliyyə göstəriciləri və statistikası, kiçik və orta biznes (KOB) müştəriləri üçün yeniliklər və statistik məlumatlar, rəqəmsallaşma, kibertəhlükəsizlik, cari və planlaşdırılan layihələr, eləcə də 2025-ci il üçün nəzərdə tutulmuş planlar.
Konfransda “Kapital Bank”ın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Emin Məmmədov çıxışı zamanı deyib ki, cari ilin 1 noyabr tarixinə “Kapital Bank”ın aktivləri 10 milyard manatı keçib.
“Cari ilin 1 noyabr tarixinə bankın aktivləri 10,1 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. 2024-cü ildə ötən ilin fəaliyyət nəticələrinə görə 176 milyon manat məbləğində dividendlər ödənilib.
“Kapital Bank” öz aktivlərinin diversifikasiyası üzərində işləyir.
Kredit portfeli kiçik və orta sahibkarlıq kreditlərinə və ipoteka kreditlərinə daha çox diqqət yetirir”, – deyə o əlavə edib.
Daha sonra “Kapital Bank”ın İdarə Heyətinin Sədri, Baş İcraçı Direktor Fərid Hüseynov əlavə edib ki, 2025-ci ilin birinci rübündən etibarən “Kapital Bank” öz brendini “Birbank” brendinə transformasiya etməyə başlayacaq.
<!—-> <!––>
“Bildiyiniz kimi, 2021-ci ildə kredit və kartların tamamilə onlayn sifarişi imkanını tətbiq edərək, “Birbank”ı ölkənin ilk rəqəmsal bankına çevirdik. Müştərilərimiz bu yeniliyi müsbət qarşıladılar. Hazırda aylıq 3 milyondan çox aktiv istifadəçisi olan “Birbank” “Kapital Bank” qədər güclü bir brendə çevrilib. Gələcək planlarımız daha geniş rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi ilə bağlıdır. Məhz bu səbəbdən 2025-ci ilin birinci rübündən etibarən “Kapital Bank” brendini “Birbank” brendinə transformasiya etməyə başlayırıq.
Bu, “Kapital Bank”ın tamamilə yox olacağı anlamına gəlmir. “Kapital Bank”ı maliyyə institutu və korporativ brend kimi görməyə davam edəcəksiniz. Bütün məhsul və xidmətlərimizi müştərilərimizə “Birbank” brendi altında təqdim edəcəyik. Biz özümüz də müştərilərimiz kimi “Birbank”ın bir parçası olacağıq. Əgər soruşsanız ki, müştərilərə yanaşmada nəsə dəyişəcəkmi, cavab – bəli, müştərilər bu dəyişikliyi daha çox hiss edəcəklər.
“Birbank”ı daha gənc, dinamik, operativ, rəqəmsal və innovativ bir brend kimi xarakterizə etmək olar. Bu xüsusiyyətlər təkmilləşdirilmiş müştəri təcrübəsində öz əksini tapacaq. Müştərilərimiz bütün məhsul və xidmətləri “Birbank”ın veb-saytı və tətbiqi vasitəsilə əldə edə biləcəklər. Bundan əlavə, “Kapital Bank”ın filialları da Birbank filiallarına transformasiya ediləcək və bu proses təxminən iki il davam edəcək”, – deyə Fərid Hüseynov bildirib.
Öz növbəsində “Kapital Bank”ın İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Cavid Mirzəyev qeyd edib ki, yanvar-noyabr aylarında fırıldaqçılıq şübhələrinə görə 142 250 müştəriyə məxsus 194 347 əməliyyat və 3 753 kart hesabı bloklanıb.
“Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Təhlillər göstərir ki, fırıldaqçılar insanları aldadaraq sosial şəbəkələrdə asan qazanc, endirimli məhsullar və ya digər “sərfəli təkliflər” adı altında videolar və reklam mətnləri yayırlar. Nəticədə müştərilər saxta keçidlərə daxil olaraq kart məlumatlarını daxil edir və ya üçüncü şəxslərə ötürürlər.
Biz fırıldaqçılıq məqsədi ilə yaradılan veb-saytlar və sosial şəbəkə hesabları ilə fəal mübarizə aparırıq. Cari ilin 11 ayında bu cür 105 saxta sayt və 1 000-ə yaxın sosial şəbəkə hesabının bloklanmasına nail olmuşuq. Müqayisə üçün qeyd edim ki, 2023-cü ildə bu göstəricilər müvafiq olaraq 90 sayt və 800-dən çox hesab təşkil edib.
Gələn il bu istiqamətdə fəaliyyətimizi davam etdirmək və genişləndirmək niyyətindəyik”, – deyə o bildirib.