Google şirkəti yaxın zamanda orta büdcəli Pixel 9a smartfonunu təqdim etməlidir. İndi isə internetdə sözügedən smartfonun render fotoları ortaya çıxıb. Render fotolara əsasən Pixel 9a smartfonu yastı gövdə dizaynını əldə edəcək və müvafiq olaraq yastı ekrana sahib olacaq. Görmək olar ki, ekran ətrafı çərçivələr bir qədər qalındır.

Smartfonun arxa panelində oval formalı kamera sahəsi yerləşəcək və kamera sahəsinin daxilində 2 ədəd kamera mövcud olacaq. Kamera sahəsinin sağ hissəsində isə LED işıqlandırma yerləşəcək. Məlumata əsasən Pixel 9a bazarda 4 gövdə rəngində satışa çıxacaq. Peony, Iris, Obsidian və Porcelain.

Son məlumat sızıntılarına inansaq, Pixel 9a smartfonu Tensor G4 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda smartfon 48 MP + 13 MP ikili arxa kamera ilə 13 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə smartfonun 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Pixel 9a artıq gələn ay təqdim oluna bilər.


Mənbə: Android Headlines