Daşkənd.Trend:
Türkiyə və Azərbaycandan olan nümayəndələr aqrosığorta sahəsindəki təcrübələrini Özbəkistanla bölüşməyə və bu sahədə mümkün çağırışların həlli üzərində birgə işləməyə hazır olduqlarını bildiriblər.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirinin müavini Əhədbek Haydarovun Türkiyənin Kənd və Meşə Təsərrüfatı nümayəndələri, həmçinin TARSIM (Türkiyə) sığorta fondunun və Azərbaycanın Aqrar Sığorta Fondunun rəhbərlikləri ilə keçirdiyi görüşdə danışılıb.
Görüşdə Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyindən Melih Özbulut, TARSIM sığorta fondunun baş direktoru Bekir Engürülü, TARSIM xarici əlaqələr və təkrar sığortalanma üzrə direktor müavini Bahar Demir Kimyon, həmçinin Azərbaycanın Aqrar Sığorta Fondunun rəhbəri Fuad Sadıqov və fondun əməkdaşları Zaur Əliyev və Şahin Hüseynli iştirak edib. Özbəkistan tərəfindən iqtisadiyyat və maliyyə nazirliyi, həmçinin kənd təsərrüfatı nazirliyinin nümayəndələri iştirak ediblər.
<!—-> <!––>
Tərəflər Özbəkistanda aqrosığorta sisteminin inkişaf perspektivlərini müzakirə ediblər və kənd təsərrüfatına təsir edən qlobal iqlim dəyişiklikləri şəraitində onun vacibliyini vurğulayıblar. Özbəkistanda “Kənd təsərrüfatı risklərinin sığortalanması haqda” qanunun qəbulu və normativ-hüquqi aktların hazırlanması istiqamətində aparılan işlər nəzərdən keçirilib.
Qanunun qəbulundan sonra onun tətbiq mərhələləri, ixtisaslı kadrların hazırlanması və icra prosesində yarana biləcək problemlərin həlli tədbirləri də müzakirə olunub. Türkiyə tərəfi ilə Özbəkistanda aqrosığortanın tətbiqi üçün zəruri kadrların hazırlanması və sahə mütəxəssisləri üçün təlim seminarlarının keçirilməsi barədə razılıq əldə edilib.
Görüşün yekununda tərəflər aqrosığorta sahəsində əməkdaşlığın inkişafını davam etdirmək və bu istiqamətdə təşəbbüslərin irəlilədilməsi üçün qarşılıqlı dəstək göstərmək niyyətlərini təsdiqləyiblər.