Bakı. Günaydın:
Türkiyə 2024-cü ilin sonuna qədər 1,3 milyard kubmetr Türkmənistan qazını alaraq yerli istehlakçılara təqdim edəcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bəyan edib.
Nazirin sözlərinə görə, Ankara uzun illərdir Türkmənistandan qaz tədarük etməyə çalışır. “Bu məsələ hələ 1998-ci ildə gündəmə gətirilib, lakin indiyə qədər heç bir kubmetr də qaz ala bilməmişik. Ümid edirəm ki, martın 1-dən etibarən bu problem həllini tapacaq”, – deyə o vurğulayıb.
A.Bayraktar əlavə edib ki, Türkiyə enerji mənbələrini şaxələndirmək məqsədilə daha çox ölkədən qaz almağı planlaşdırır. Türkmənistanla imzalanan saziş bu strategiyanın bir hissəsidir. O, həmçinin Türkiyənin müxtəlif ölkələrdən maye qaz tədarük etdiyini xatırladıb.
<!—-> <!––>
Türkiyə nazirinin sözlərinə görə, Ankara ilk dəfə olaraq, Türkiyə ilə həmsərhəd olmayan bir ölkədən boru kəməri vasitəsilə qaz idxal edəcək.
Nazir Türkmənistan qazının svop razılaşması çərçivəsində İrana nəql ediləcəyini, Türkiyənin isə həmin qazı İranla sərhəddə yerləşən “Gürbulak” keçid məntəqəsindən qəbul edəcəyini bildirib.
Bundan əlavə, Bayraktar Türkmənistandan qaz tədarükünün artırılmasına imkan yaradacaq Trans-Xəzər boru kəmərinin inşasına başlanacağına ümid etdiyini qeyd edib.