Apple yeni 27 düym ölçülü mini-LED ekrana sahib monitor üzərində çalışır və bu monitor 2025-ci ilin sonuna qədər təqdim oluna bilər. Bu barədə məlumatı məşhur insayder Ross Young təqdim edib. Yeni monitor, böyük ehtimalla, ilk dəfə 2022-ci ildə təqdim edilmiş Studio Display-in yenilənmiş versiyası olacaq. Mövcud Studio Display monitoru 5K keyfiyyətli LED ekrandan istifadə edir. Lakin yeni mini-LED variantı daha yüksək parlaqlıq, kontrast və rəng dəqiqliyi təklif edəcək.

Ross Young-ın sözlərinə əsasən monitor Epistar şirkəti tərəfindən hazırlanmış mini-LED texnologiyasını istifadə edəcək və onun üçün ekranları LG Display istehsal edəcək. Hələ 2023-cü ildə Ross Young, Apple şirkətinin ProMotion dəstəkli Studio Display Pro üzərində çalışdığını iddia edirdi, lakin sonradan şirkət bu layihəni ləğv etdi. Bununla belə, məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin 2025-ci ildə yeni 27 düym ölçülü monitorunu təqdim etməyi planlaşdırdığını israrla bildirir.
Mini-LED texnologiyası artıq MacBook Pro modellərində istifadə olunur və daha parlaq rənglər, daha dərin qara çalarlar və təkmilləşdirilmiş kontrast təmin edir. MacBook Pro ekranlarında 10 000-dən çox mini-LED var. Bu da görüntünün daha detallı olmasına imkan yaradır. Bloomberg saytının məşhur insayderi Mark Gurman da Apple şirkətinin bu montior üzərində çalışdığını təsdiqləyib, lakin onun 2026-cı ildə təqdim olunacağını proqnozlaşdırır.
Mənbə: Macrumors