Bakı. Günaydın:
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs
Azərbaycanın kompleks inkişafını təmin etməklə yanaşı, həm də
respublikamızı beynəlxalq münasibətlər sisteminin nüfuzlu
subyektinə çevrilib. Təsadüfi deyil ki, artıq orta güc kimi tanınan
Azərbaycan bu gün yalnız regionda deyil, qlobal müstəvidə baş verən
proseslərdə, dünyanı narahat aktual məsələlərin həllində fəal
iştirak edir.
Ölkəmizin Avropanın enerji xəritəsinə etdiyi dəyişikliklər,
Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi
töhfələr, bir neçə il əvvəl beynəlxalq ictimaiyyəti pandemiya ilə
mübarizədə səfərbər etməsi deyilənlərin bariz nümunələridir. Bu
baxımdan Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi
Forumu zamanı Çinin CGTN telekanalına verdiyi müsahibədə
səsləndirdiyi fikirlər Azərbaycanın qlobal proseslərdə fəal
iştirakı və respublikamızın inkişafı ilə bağlı təəssüratları daha
da gücləndirir.
Ümumiyyətlə Prezident İlham Əliyevin beynəlxalq tədbirlər zamanı
müzakirə olunan məsələlərlə bağlı mövqeyi, hadisələrə baxışı,
problemlərin həllinə dair yanaşmaları elə həmin tədbirlərin
təşkilatçılarının və xarici KİV-lərin xüsusi diqqət mərkəzində
olur. Çinin böyük tamaşaçı auditoriyası olan və dünyanın hər
yerində yayım imkanına malik CGTN telekanalının dövlətimizin
başçısından müsahibə alması da bunu təsdiq edir. Bu müsahibədə
Prezident İlham Əliyevin jurnalistin suallarına verdiyi cavablar
əslində Azərbaycanın yüksəlişinin və əldə etdiyi uğurların
beynəlxalq müstəvidə növbəti təqdimatı idi.
Prezident İlham Əliyev müsahibədə bir sıra mühüm məsələlərlə
bağlı fikirlərini bildirdi, dövlətimizin mövqeyini diqqətə
çatdırdı. İlk növbədə onu qeyd etməliyik ki, möhtərəm Prezident bu
müsahibədə Azərbaycanın müstəqil siyasət yürüdən, beynəlxalq siyasi
arenada güclü mövqeləri olan dövlət olduğunu diqqətə çatdırdı.
«Milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti
şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq» – deyən Prezident
İlham Əliyev bunu real faktlarla əsaslandırdı. Müsahibədə toxunulan
ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, Azərbaycanın
Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutması, güclü və
özünü təmin edən iqtisadiyyat qurması kimi vacib məqamlar əlbəttə
ki, müstəqil və qətiyyətli siyasətin nəticələridir.
Azərbaycanın müstəqil siyasəti respublikamızın xarici siyasət
kursunda da özünü yaxından göstərir. Bu baxımdan Prezident İlham
Əliyevin Azərbaycanın Çin, Türk dövlətləri və Avropa İttifaqının
üzvləri ilə əlaqələri barədə söylədiyi fikirlər ölkəmizin uğurlu
xarici siyasət kursu ilə bağlı təsəvvürləri daha da
möhkəmləndirir.
Müsahibə Çin televiziyasına verildiyi üçün dövlətimizin başçısı
bu ölkə ilə əlaqələrdən xüsusi bəhs edib. Məlum olduğu kimi son
illərdə Azərbaycanla Çin arasında əlaqələr yüksələn xətt üzrə
inkişaf edir. İki dövlət arasında münasibətlərin daha da
genişlənərək yeni müstəviyə qədəm qoymasında Prezident İlham
Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi
iradəsi böyük rol oynayır. Azərbaycanın Çinin “Bir kəmər, bir yol”
təşəbbüsünə dəstək verməsi, Orta dəhlizin inkişaf etdirilməsi
çərçivəsində səmərəli əməkdaşlıq iki ölkənin siyasi-iqtisadi
əlaqələrinin daha da dərinləşməsinə böyük təsir göstərir. 2024-cü
ilin iyulunda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının
Zirvə toplantısı zamanı Azərbaycanla Çin arasında strateji
tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanması ilə
əlaqələri tamamilə yeni mərhələyə yüksəldib. Belə ki, hazırda
Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq çərçivəsində
inkişaf edir. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı
etimad, əməkdaşlıq deməkdir.
Dövlət başçısı müsahibədə Azərbaycanla Çin arasında nəqliyyat
dəhlizləri sahəsində formalaşmış möhkəm tərəfdaşlığın hazırki
vəziyyətinə və gələcək hədəflərinə ətraflı toxundu. Bu sahədə
uğurlu əməkdaşlığın nəticəsidir ki, Çindən göndərilməklə
Azərbaycandan keçən yüklərin həcmində son illərdə böyük artım var.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi növbəti 5-6 ildə Çindən
daha böyük həcmdə yükün qəbulu gözlənilir və buna görə Azərbaycan
hazırda dəniz ticarət limanı və dəmir yolu infrastrukturunun
genişləndirilməsini həyata keçirir.
Eyni zamanda dövlətimizin başçısı iki ölkənin digər
istiqamətlərdə perspektiv əməkdaşlığının da hansı məsələləri əhatə
etdiyini açıqladı. Bildiyimiz kimi, Çin son illərdə texnoloji
inkişaf sahəsində böyük yol qət edib, heyrətamiz uğurlar əldə edib.
Bu baxımdan Azərbaycanla Çin arasında həm də yaşıl texnologiyaya və
yaşıl enerjiyə investisiya sahəsində də yeni əməkdaşlıq əlaqələri
yaranmaqdadır.
Çinlə yanaşı Avropa istiqaməti, Türk dövlətləri ilə əlaqələrin
strateji müstəvidə inkişaf etdirilməsi də Azərbaycanın müstəqil
xarici siyasət kursunun göstəricisidir. Azərbaycanla Avropa
İttifaqının 10 üzvü arasında strateji tərəfdaşlıq bəyannaməsi
mövcuddur. Eyni zamanda respublikamız Türkiyə, Özbəkistan və Rusiya
ilə də müttəfiqlik bəyannamələri imzalayıb. Prezident İlham
Əliyevin müsahibədə bildirdiyi kimi şaxələnmiş bu xarici siyasət
istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır:
«Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq
proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz,
sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə
Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş
coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq
qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək
qiymətləndirilir».
Bütövlükdə Prezident İlham Əliyevin müsahibədə toxunduğu
məsələlərin hər biri respublikamızın beynəlxalq münasibələr
sistemindəki iştirakının, dövlətimizin milli maraqlarının və
inkişaf hədəflərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir.
Bu gün Azərbaycan sürətli inkişaf yolunda olan, qlobal
məsələlərin müzakirəsində yaxından iştirak edən, dünyanın müxtəlif
siyasi-iqtisadi qütbləri ilə fəal əməkdaşlıq həyata keçirən bir
dövlətdir. Bütün bunlar həm də belə bir həqiqəti təsdiq edir ki,
dövlətlərin yüksəlişində lider amili böyük rol oynayır. Prezident
İlham Əliyevin müsahibədə vurğuladığı kimi, «Liderlik, əlbəttə ki,
böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider
həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır».
Cəmi bir cümlədə yer alan böyük məna və məzmun Prezident İlham
Əliyevin fəaliyyətində hər zaman özünü aydın şəkildə göstərib və
xalqımız hər zaman öz liderinin ətrafında sıx səfərbər olub.
Ölkəmizin bugünkü bütün nailiyyətlərinin təməlində məhz
Prezident İlham Əliyevin lider qətiyyəti ilə həyata keçirdiyi
siyasət dayanır. Azərbaycanın tərəqqisini və torpaqlarımızın
işğaldan azad olunmasını təmin edən bu siyasət bundan sonra
dövlətimizə və xalqımıza yeni nailiyyətlər bəxş edəcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı