Bakı. Günaydın:
Təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar
iclasında müzakirə olunan Şəhərsalma və Tikinti Məcəlləsi, “Texniki
təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında”
Qanunlara təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan
təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması,
istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və
ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli
tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat,
nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı
obyektlər hesab ediləcək.
Həmçinin, təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində
qeydiyyata alınmalıdır. Təhlükə potensiallı obyektlərin vahid
dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən ediləcək.
<!—->
<!––>
Məlumat üçün bildirək ki, Şəhərsalma və Tikinti Məcəlləsi,
“Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr
haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə
təklif olunan dəyişikliklər texniki xarakter daşıyır və qanunun
mətninin ifadə tərzini daha aydın və dəqiq olması məqsədi ilə
təklif edilir.
Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan
dəyişikliyə əsasən burada istifadə olunan “təhlükə potensiallı”
sözləri “xüsusi riskli” sözləri ilə əvəz edilir. “Texniki
təhlükəsizlik haqqında” qanun layihəsində isə “Təhlükə potensiallı
obyektlər” maddəsi təkmilləşdirilir və yeni redaksiyada verilir.
“Lisenziyalar və icazələr haqqında” qanun layihəsinə təklif olunan
dəyişiklik isə dəqiqləşdirmə xarakteri daşıyır. Burada “dövlət
reyestri” sözlərinin əvvəlinə “vahid” sözünün əlavə edilməsi təklif
olunur.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.