YouTube platformasında süni zəka əsaslı yeni funksiya istifadəyə verilib. Bu funksiya istifadəçilərin Shorts formatında yayımlaya biləcəkləri qısa videoların yaradılması üçün nəzərdə tutulub. Söhbət Google Veo 2 texnologiyası əsasında qurulmuş YouTube Dream Screen funksiyasından gedir. Bu funksiya əvvəllər də mətn təsvirinə əsasən videolar yaratmağa imkan verirdi, lakin istifadəçilər onları yalnız fon kimi istifadə edə bilirdilər. İndi isə Dream Screen vasitəsilə yaradılan videoları Shorts formatında öz hesabınızda yayımlamaq mümkündür. Yeni funksiyanı sınaqdan keçirmək üçün istifadəçi Shorts kamerasını aktivləşdirməli, Dream Screen funksiyasını işə salmalı, media fayllarının seçim panelini açmalı və “Yarat” düyməsinə klikləməlidir.

Bundan sonra tərtib ediləcək videonun mətn təsvirini daxil etmək, mövcud üslublardan birini, obyektivləri, kinematoqrafik effektləri seçmək və videonun müddətini təyin etmək mümkündür. YouTube nümayəndələrinin sözlərinə görə, süni zəka tərəfindən tərtib edilən videoları Shorts formatında yayımlamaq funksiyası bu həftə ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya istifadəçiləri üçün əlçatan olacaq. Daha sonra bu funksiya digər ölkələrdə də istifadəyə veriləcək, lakin dəqiq tarixlər hələ açıqlanmayıb.

Bu yeniləmə bir qədər gözlənilməz oldu, çünki Google Veo neyron şəbəkəsinin son versiyası hələ də erkən istifadə mərhələsindədir. YouTube-un məlumatına görə, neyron şəbəkəsinin Dream Screen funksiyası ilə inteqrasiyası real dünya fizikası və insanların təbii hərəkətlərini nəzərə alaraq daha ətraflı və realistik videoların daha sürətli şəkildə tərtibatına imkan verəcək. Bununla yanaşı, süni zəka vasitəsilə tərtib edilən videolar həm görünən vizual nişanlarla, həm də Google SynthID-in görünməyən su nişanları ilə işarələnəcək ki, bu da videonun neyron şəbəkə tərəfindən tərtib edildiyini və ya dəyişdirildiyini göstərir.
Mənbə: The Verge