Bakı. Günaydın:
Milli Məclisin sədri Sahibə Qafarova Belarusun ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç ilə
görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib kİ, söhbət zamanı xalqlarımız və ölkələrimiz arasında
etimada əsaslanan dostluq əlaqələrinin mövcud olmasından məmnunluq
ifadə edilib. Azərbaycan və Belarus arasında əlaqələrin inkişafında
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko arasında
mövcud olan münasibətlərin vacib rolu qeyd edilərək, bildirilib ki,
dövlət başçılarının siyasi iradəsi, həmçinin yüksək səviyyəli
dialoq və qarşılıqlı sıx təmaslar sayəsində son dövrlərdə
əlaqələrimiz daha da inkişaf edərək, keyfiyyətcə yeni səviyyəyə
yüksəlib. Qeyd olunub ki, hazırda Azərbaycan və Belarus bir çox
sahələrdə əməkdaşlıq edirlər.
Görüşdə münasibətlərin inkişafında qanunverici orqanların da
mühüm rolu qeyd edilib. Milli Məclisin sədri Sahibə Qafarova özünün
Belarusa rəsmi səfərini xatırladaraq, həmçinin parlament rəhbərləri
və deputatlarımız arasında sıx təmasların mövcud olduğunu
vurğulayıb. Bildirilib ki, qanunverici orqanlarımız həm ikitərəfli
əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla
əməkdaşlıq edirlər.
Spiker Sahibə Qafarova səfirə ölkəmizdəki diplomatik
fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən
Dmitri Pineviç ölkəmizdə gördüyü yüksək səviyyəli qonaqpərvərlik və
diqqəti qeyd edərək, Azərbaycan və Belarus arasında əlaqələrin daha
da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.