Bakı. Günaydın:
18 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Asiya Parlament Assambleyasının 15-ci
plenar iclası çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam
Respublikasının Senatının sədri Yusif Rza Gilaninin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Trend-ə XİN-dən məlumat verilib.
Görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığı, parlament
diplomatiyasının əhəmiyyəti, habelə postmünaqişə dövründə bölgədə
mövcud vəziyyət müzakirə olunub.
Ötən il Pakistana rəsmi səfəri və bu çərçivədə Yusif Rza Gilani
ilə görüşünü məmnunluqla xatırlayan nazir Ceyhun Bayramov, intensiv
qarşılıqlı təmas və səfərlərin strateji tərəfdaşlığımızın
inkişafına töhfə verdiyini qeyd edib.
Əsasında dostluq, qardaşlıq, qarşılıqlı hörmət və dəstəyin
dayandığı Azərbaycan-Pakistan münasibətlərinin ikitərəfli, o
cümlədən çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün potensialın
mövcud olduğu diqqətə çatdırılıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam
Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində
əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə iki ölkə
tərəfindən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən
davamlı dəstək minnətdarlıqla qeyd olunub.
İki ölkənin qanunvericilik orqanları, millət vəkilləri arasında
əlaqələrin, habelə parlament diplomatiyasının gücləndirilməsinin
tarixi və mədəni baxımdan yaxın olan xalqlarımız arasında
münasibətlərə töhfə verdiyi bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə
dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad
olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq
işləri, minatəmizləmə fəaliyyəti, habelə Azərbaycan-Ermənistan
normallaşma prosesi barədə məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.