Bakı. Günaydın:
Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının
axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət
məkanına çevriləcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə Bakı Abadlıq Xidmətindən məlumat yayıb.
Bildirilir ki, bir qədər də problemin kökü haqqında. Əmircan,
Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min
kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı
ərazidə xoşagəlməz vəziyyət yaranmışdı.
“Ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real
dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var.
Bəzi evlərlə göl arasındakı məsafə 10 metrdən də yaxındır. Çirkab
suların axıdılması, şübhəsiz, əhalinin sağlamlığına da təsir
edirdi. Bülbülə gölü ekoloji fəlakətə çevrilməsin deyə Bakı Abadlıq
Xidməti ərazidə əsaslı və planlı təmir işlərinə başlayıb. Gölün
ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib. Bu
isə havadakı üfunəti məhv edərək natəmizliyin və həşəratların
kökünü kəsib. İnsanlar rahat nəfəs almağa başlayıblar.
Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün gölün
ətrafında minlik magistral xətt çəkilib. Yaxın zamanda su həmin
magistralla xüsusi su təmizləyici qurğuya töküləcək”, – məlumatda
qeyd olunub.
<!—->
<!––>
Qeyd edilir ki, Almaniya istehsalı olan qurğunu sazlamaq üçün
həmin ölkədən mütəxəssislər dəvət olunub. Günü bu gün gölün alt
qatında qızğın iş gedir, xüsusi borular çəkilir.
“İnfrastuktur hazır olan kimi həmin mütəxəssislər yenə
gələcəklər ki, avadanlığı işə salsınlar. Bu, Suraxanı rayonunda ilk
su təmizləyici qurğu olacaq. Fasiləsiz işləyən qurğu çirkli suyu
təmizləyib gölə vuracaq. Yerdə qalan çirkab isə Hövsan anbarına
yığılacaq, sonra da maşınlarla başqa yerə daşınacaq.
Hazırda Bülbülə gölündə layihələndirmə işləri başa çatdırılıb.
Gölün ətrafında asfalt üçün alt qat hazırlanıb. Yaxın zamanda iş
gücləndirilmiş rejimə keçəcək. Növbəti mərhələdə sahil boyunca
asfalt salınacaq. Nəzərdə tutulub ki, yeni bulvarda restoranlar,
kafelər fəaliyyət göstərsin, dairəvi velosiped yolu da çəkilsin.
Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri
olacaq. Yaz-yay aylarında göldə katamaran da işləyəcək. Layihəyə
görə Bülbülə gölünün üzərindən körpü də salınacaq. Qısa zamanda
Bülbülə bulvarı insanların əsl istirahət yerinə çevriləcək.
Bakıdakı və Bakı ətrafındakı göllərin təmizlənməsi və
qurudulması üzrə dövlət proqramı çərçivəsində həyata keçirilən
böyük abadlıq-quruculuq işləri nəticəsində şəhərimiz təmiz göllər
şəhəri kimi tanınacaq. Bülbülə bulvarı yalnız yerli qəsəbələrin
əhalisi üçün nəzərdə tutulmayıb. Bura Bakı sakinərinin, həmçinin
əcnəbi qonaqların da sevib-seçdiyi gəzinti məkanına çevriləcək”, –
məlumatda vurğulanıb.