Bakı. Günaydın:
Praqa Azərbaycan Mədəniyyət Evində “İki gözəllik harmoniyası:
Azərbaycan xalçası və Çex kristalı” adlı sərginin açılışı olub.
Sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərxalça” ASC
və Praqada fəaliyyət göstərən “Halama” Çex Kristal şirkətinin
təşkilatçılığı ilə baş tutub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.
Bildirilib ki, sərgidə Azərbaycanın dünyaca məşhur, zəngin
mədəni, milli-mənəvi sərvətimiz olan xalça nümunələri və
“Halama”nın Çexiya əl şüşə sənətinə məxsus maraqlı əsərləri nümayiş
olunur.
Tədbirdə Çex Respublikası Hökumətinin və Parlamentinin üzvləri,
Çexiyadakı diplomatik nümayəndəliklərin rəhbərləri, Çexiyadakı
Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və yerli
mətbuatın nümayəndələri iştirak edib.
“Natəvan” Cəmiyyətinin sədri, Şərqi Avropa Azərbaycanlıları
Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, Praqa Azərbaycan
Mədəniyyət Evinin rəhbəri, sərginin ideya müəllifi Leyla Begim
Cəfərova sərgi barədə ətraflı məlumat verib, bu məzmunun həm
Azərbaycan, həm də Çexiya tərəfindən dərhal dəstəklənməsindən
məmnunluğunu ifadə edib. Qeyd edib ki: “Xalça xalqımız üçün böyük
tarixi keçmişə malik, əsrlərdir dəyişilməyən və inkişaf edən çox
qiymətli mənəvi irsdir. Dünyada şöhrət qazanan Çex büllur sənəti
nümunələri ilə qədim xalçalarımızın bir arada nümayişi mədəni
harmoniyanın ən gözəl əksidir”.
“İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı”
sərgisinin əhəmiyyətindən danışan “Azərxalça” Açıq Səhmdar
Cəmiyyətinin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin
Məmmədov qədim tarixə malik milli xalçaçılıq sənəti və
Azərbaycandakı xalçaçılıq məktəbləri barədə geniş məlumat verib.
Xüsusilə Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərinin
yaranmasından və bu sənətə verdiyi qiymətli nümunələrdən söz açıb.
O, bildirib ki: “Praqa Azərbaycan Mədəniyyət Evində təşkil olunan
sərgi xalçaçılıq sənətimizin Avropada tanıdılması üçün böyük
fürsətlər yaradır”.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
mədəniyyətin insanlar və xalqlar arasındakı əlaqələri
möhkəmləndirdiyinə diqqət çəkib, xaricdəki Azərbaycan Evlərinin bu
sahəyə verdiyi töhfələrdən danışıb: “Sənət sərhəd tanımır və
sənətlə, zəngin tariximizlə bağlı olan bu mühüm tədbir ənənələri
müasir istiqamətlərdə yaşatmağın, xalqlarımız arasında mədəni
mübadilənin dərinləşməsinin bariz nümunəsidir. Cənab Prezidentin
tapşırıqları əsasında xaricdə fəaliyyət göstərən Azərbaycan
Evlərinin hər birində ana dilinin tədrisi ilə yanaşı, tarix və
mədəniyyətimizin də geniş təbliği həyata keçirilir. Azərbaycan
Evləri təkcə soydaşlarımız üçün deyil, həm də yerli əhali üçün
mədəni mərkəz rolunu oynayır, xalqlar və dövlətlər arasında
birliyin daha da möhkəmlənməsinə şərait yaradır. Bu mənada bugünkü
sərginin Azərbaycan Evində keçirilməsinin əhəmiyyəti böyükdür”.
Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Yaşar
Əliyev çıxışında bildirib ki: “Bu sərgini iki xalqın qiymətli sənət
nümunələrinin harmoniyasının yaradılması baxımından yüksək
qiymətləndirirəm”.
<!—->
<!––>
“Halama” Çex Kristal Şirkətinin rəhbəri Robert Halama rəhbəri
olduğu şirkətin fəaliyyəti barədə danışıb, Azərbaycan və Çexiyanın
qədim mədəniyyətlərinə diqqət çəkib, sərginin mədəniyyətlərarası
inkişafa əvəzsiz töhfələr verəcəyini vurğulayıb.
Sərginin kolleksiyasına müxtəlif ölçülü, fərqli xalçaçılıq
məktəblərinə aid həm müasir, həm də klassik üslubda toxunmuş 11 yun
xalça daxildir. Həmin tarixi sənət nümunələri, eləcə də Çex
büllurları izləyənləri heyran edib.
Açılış mərasimində Azərbaycan xalçaçılıq sənəti, Çex büllurları
və diaspor fəaliyyəti mövzusunda videoçarxlar nümayiş olunub.
Sərgi mədəni hissə ilə davam edib. 2020-ci ildə Çexiyada “İlin
adamı” seçilən istedadlı musiqiçi Canel Nəcəflinin, fleyta ifaçısı
Hana Jıtnıkovanın ifasında səslənən Azərbaycan və Çex musiqiləri
zövqləri oxşayıb.
“İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı”
adlı sərgi bir ay davam edəcək. Praqa Azərbaycan Mədəniyyət Evinin
qapıları hər kəsin üzünə açıqdır, soydaşlarımız, yerli sakinlər və
şəhərin qonaqları bu əsrarəngiz sərgiyə tamaşa edə bilərlər.
Qeyd edilib ki, Praqa Azərbaycan Evi 2024-cü il noyabrın 6-da
açılıb və fəaliyyətə başladığı gündən burada təşkil olunan
saysız-hesabsız tədbirlər Çex Respublikasındakı Azərbaycan
icmasının və yerli cəmiyyətin əlaqələrinin inkişafında böyük rol
oynayıb.
Hazırda 18 ölkədə 29 Azərbaycan Evi fəaliyyət göstərir, həmin
evlər soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi
öyrənmələrində, eləcə də diasporla yerli cəmiyyətlərin əlaqələrinin
intensivləşməsində xüsusi rola malikdir.