Bakı. Günaydın:
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və
bərpa işləri sürətlə davam etməkdədir. Prezident İlham Əliyevin bu
günlərdə Ağdamda, Xankəndidə və Xocalıda aparılan bərpa və
quruculuq işləri ilə yaxından tanış olması görülən işlərin dövlət
başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiq edir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, həmin ərazilərə köçürülmüş keçmiş məcburi
köçkünlər üçün orada bütün müasir şərait yaradılıb:
“Prezident İlham Əliyevin sakinlərlə görüşlərində də sakinlər
yaradılan şəraitdən məmnun qaldıqlarını diqqətə çatdırdılar. Azad
edilmiş ərazilərə köç prosesi sürətlə davam edir. Üç gün öncə 205
nəfərdən ibarət daha 42 ailə öz doğma torpaqları Cəbrayıla geri
döndülər və onlar üçün tikilmiş yeni mənzillərin açarları onlara
təqdim edildi. Çox sevindirici haldır ki, artıq 10 mindən artıq
keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb və 2025-ci ildə
daha çox insanımızın geri dönməsi nəzərdə tutulur”.
A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə
təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçvəsində 30
ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli
şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm
addımlar atılır.
“Azərbaycan Vətən müharibəsində tarixi Zəfərdən sonra qarşıya
qoyduğu bütün məqsədləri uğurla reallaşdırır. Bunu üçün dövlət
büdcəsindən kifayət qədər vəsait ayrılır. 2020-ci ildən başlayaraq
2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq
işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb. O
cümlədən 2025-ci ildə 4 milyard manat ayrılıb. Ayrılan bu vəsait
həmin ərazilərdə nəzərdə tutulmuş işlərin uğurla icra edilməsinə
imkan verir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət
nəticəsində inkişaf edən dayanıqlı iqtisadi inkişaf Azərbaycana öz
ərazilərini kimdənsə kömək almadan bərpa etmək imkanı verir. Artıq
bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü
bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad
edilmiş torpaqların çiçəklənin bir diyara çevrilməsi istiqamətində
qətiyyətli və sürətli işlər aparılır”, – deyə deputat qeyd
edib.