Bakı. Günaydın:
Fevralın 20-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya
Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək
üçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Syed Yusuf
Raza Gilaninin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə
görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Qonağı və rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisdə
salamlamaqdan məmnunluğunu ifadə edən spiker Sahibə Qafarova
bildirib ki, bu səfər Azərbaycan və Pakistan arasında dostluq və
qardaşlıq münasibətlərinin növbəti təzahürüdür. Milli Məclisin
sədri qonağa Asiya Parlament Assambleyasının (APA)15-ci plenar
sessiyasında şəxsən iştirakına görə təşəkkürünü bildirib.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Pakistan arasında
strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında
qurulub. Hər iki ölkə həm ikitərəfli, həm də beynəlxalq
müstəvilərdə bir-birini daim dəstəkləyir və 1992-ci ildə diplomatik
əlaqələrimiz qurulandan ötən dövrdə ölkələrimiz arasındakı əlaqələr
bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.
İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli
səfərlərin xüsusi rolunu qeyd edən Milli Məclisin sədri Prezident
İlham Əliyevin Pakistana səfərlərinin, Pakistanın Baş nazirlərinin
Azərbaycana səfərlərinin və imzalanmış sənədlərin xüsusi rolundan
danışıb. Bildirilib ki, Pakistanın Baş naziri Şahbaz Şərif
ölkəmizdə keçirilmiş COP29 konfransında iştirak edib və onun
ölkəmizə növbəti səfərinin yaxın günlərdə baş tutması
planlaşdırılır.
Spiker Sahibə Qafarova bildirib ki, parlamentlərimiz arasındakı
qarşılıqlı əlaqə dövlətlərimiz arasında münasibətlərin inkişafına
mühüm və müsbət təsir göstərir. Bu baxımdan hər iki ölkənin
parlamentlərində fəaliyyət göstərən qarşılıqlı dostluq qruplarının
üzərinə mühüm vəzifə düşür. Bu gün qanunverici orqanlarımız
arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlamentlərimiz bir sıra
beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər. Qeyd olunub ki,
Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin üçtərəfli formatda
əməkdaşlığı strateji müttəfiq ölkələrimizin əldə etdikləri
nailiyyətlərdən biridir.
Bildirilib ki, Pakistan həm ikitərəfli, həm də çoxtərəfli
formatlarda Azərbaycan xalqını narahat edən məsələlərdə
Azərbaycanın ədalətli mövqeyini davamlı olaraq dəstəkləyir.
Pakistanın qəti mövqeyi beynəlxalq səviyyədə tanınmış Azərbaycan
ərazilərinin 30 illik Ermənistan işğalına son qoymuş 44 günlük
Vətən müharibəsi zamanı açıq şəkildə nümayiş etdirildi. Azərbaycan
xalqı Pakistanın ölkəmizin beynəlxalq hüquq normalarına və
prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləməsini yüksək
qiymətləndirir. Milli Məclisin sədri Azərbaycanın haqq işinə
göstərilən ədalətli mövqeyə görə bir daha minnətdarlığını
bildirib.
Söhbət zamanı spiker Sahibə Qafarova Prezident İlham Əliyevin
təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament
Şəbəkəsinin fəaliyyəti, Azərbaycanın sədrliyi dövründə bu qurumun
institusional inkişafı üçün görülən işlər, Ermənistanla sülh
prosesinin gedişi, Azərbaycanın öz suverenliyini və ərazi
bütövlüyünü tam bərpa etdikdən sonra bəzi Avropa təşkilatlarının və
ölkələrinin ölkəmizə qarşı qərəzli münasibəti barədə qonaqlara
məlumat verib.
Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani qonaqpərvərliyə
və ölkəmizə dəvətə görə təşəkkürünü ifadə edərək bildirib ki, bu,
onun Azərbaycana ilk səfəridir. O, diqqətə çatdırıb ki, Pakistan və
Azərbaycan həmişə bir-birilərini dəstəkləyən qardaş ölkələrdir və
xalqlarımız ortaq dəyərləri bölüşürlər. Bildirib ki, Pakistan
Ermənistanla diplomatik münasibət qurmayan nadir ölkələrdəndir.
Pakistanın Azərbaycanla 1992-ci ildən yaradılmış diplomatik
münasibətlərindən ötən illər ərzində bütün sahələrdə, o cümlədən
parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələr formalaşıb. Bu
baxımdan mütəmadi həyata keçirilən qarşılıqlı səfərlər mühüm rol
oynayır. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin
ikinci üçtərəfli görüşünün də bu il Pakistanda keçirilməsi
planlaşdırılır. Bununla yanaşı, ticarət, müdafiə, enerji,
mədəniyyət, təhsil sahələrində əlaqələrimizi daha da inkişaf
etdirmək üçün geniş imkanlar var.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
barəsində də fikir mübadiləsi aparılıb.