Bakı. Günaydın:
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Millətlər Təşkilatı
Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi xanım Saca Faruq
Abdullahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, qonaqları səmimi salamlayan nazir Kəmaləddin
Heydərov qeyd edib ki, Azərbaycan dövləti uşaqların
təhlükəsizliyinin təmin edilməsi, onların müdafiəsi, təhlükəsiz
mühitdə yaşaması və böyüməsi məsələlərinə hər zaman xüsusi diqqət
yetirir və bu sahədə mühüm addımlar atır.
Bu çərçivədə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ölkəmizdə
təbii və texnogen xarakterli fövqəladə halların qarşısının
alınması, onların nəticələrinin aradan qaldırılması, əhalinin,
xüsusilə də həssas qrupların, o cümlədən uşaqların
təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyəti barədə
danışan nazir göstərilən sahədə aidiyyəti beynəlxalq təşkilatlarla
uğurla əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Bu xüsusda,
Nazirliklə UNICEF-in Azərbaycandakı Nümayəndəliyi arasında sıx
əlaqələrin formalaşdığını, ötən illər ərzində bir sıra birgə
layihələrin müvəffəqiyyətlə reallaşdırıldığını xatırladıb.
Nazir Kəmaləddin Heydərov uşaq təhlükəsizliyi sahəsində
Fövqəladə Hallar Nazirliyinin gördüyü işlər, həyata keçirdiyi
tədbirlər barədə qonaqlara ətraflı məlumat verib, bu sahədə
UNICEF-in Azərbaycandakı Nümayəndəliyi ilə münasibətlərin
genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu
vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF)
Azərbaycandakı nümayəndəsi xanım Saca Faruq Abdullah səmimi görüşə
görə təşəkkür edib, ötən ilin noyabr ayında Azərbaycan tərəfindən
qlobal əhəmiyyətli tədbir olan COP29-un ölkəmizdə uğurla
keçirildiyini vurğulayıb.
Xanım Saca Faruq Abdullah rəhbərlik etdiyi qurumun fəaliyyəti
barədə ətraflı məlumat verib, ölkəmizdə uşaq təhlükəsizliyi
sahəsində Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın daha da
genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.