Bakı. Günaydın:
Azərbaycanda qeydə alınan sürətli iqtisadi inkişafda neft və qaz sektorunun rolu əsas gücə malik olsa da, son illər qeyri-neft sektorunda ümumi iqtisadi artım da önə çıxmaqdadır. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası öz bəhrəsini verməkdədir. Ümumiyyətlə, Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib və bu proses davam etməkdədir. Bu tədbirlər ölkə iqtisadiyyatının diversifikasiyasına, qeyri-neft ixracının artırılmasına və yeni iş yerlərinin yaradılmasına yönəlib.
Ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün neftdənkənar sektorlara investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artmaqda davam edir. Bunun da nəticəsində qeyri-neft sektoru üzrə istehsal və ixrac göstəricilərində artım müşahidə edilir. Belə ki, 2011-ci ildə qeyri-neft-qaz sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payı 49% olduğu halda, 2024-cü ildə 68%-ə çatıb. Bu dəyişiklik, sözsüz ki, daha balanslı və dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində göstərilən səylərin nəticəsidir.
Təkcə bu ilin yanvar ayında isə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq, 245,8 milyon ABŞ dolları təşkil edib.
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında deyib ki, qeyri-neft sektorunun inkişafı üçün dövlət tərəfindən bir çox proqramlar qəbul edilib, dəstək mexanizmləri hazırlanıb.
O bildirib ki, bu mexanizmlər çərçivəsində qeyri-neft sektoru üzrə müəyyən canlanmalar müşahidə edilməkdədir.
İqtisadçının sözlərinə görə, ümumi daxili məhsulun artım dinamikasında qeyri-neft sektorunun yüksəlməsi neft-qaz sektoru ilə müqayisədə daha yuxarı səviyyədədir:
“Eyni zamanda, qeyri-neft sektorun ölkə iqtisadiyyatında xüsusi çəkisi hər il artmaqdadır. Amma bir şeyi etiraf etmək lazımdır ki, qeyri-neft sektoru bugünkü səviyyəsindən daha yuxarı artım dinamikasına çata bilər. Hesab edirəm ki, bunun üçün konseptual şəkildə bir çox yanaşma tərzinin dəyişdirilməsinə ehtiyac vardır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün sahibkarlıq subyektlərinə baxış bucağında bir qədər fərqliliklər gərəkdir”.
E.Əmirov inkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın böyük çəkiyə malik olduğunu və onlara qarşı dövlətin xüsusi bir yanaşma tərzi tətbiq etdiyini vurğulayıb. İqtisadçı bu yanaşma tərzini üç prinsip əsasında aşağıdakı formada ifadə edib:
1) Mikrosahibkara toxunma;
2) Kiçik sahibkara dəstək ol;
3) Orta sahibkarın problemini həll et
“Bu üç prinsip KOB sektorunun inkişafı üçün son dərəcə vacibdir. KOB sektoru isə qeyri-neft sektorunun inkişafı üçün önəmlidir”, – deyə E.Əmirov fikrini tamamlayıb.
Son illər ərzində Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində nailiyyətlərinə nəzər salaq:
1. Sənayeləşmə və istehsalatın inkişafı
Sənaye parkları və məhəllələri – Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Balaxanı Sənaye Parkı kimi məkanlar yaradılıb. Bu parklar yerli və xarici investisiyaların cəlb edilməsinə və emal sənayesinin inkişafına töhfə verir.
Ağır və yüngül sənaye müəssisələri – Tikinti materialları, tekstil və digər sahələrdə yeni zavod və fabriklər istifadəyə verilib.
2. Kənd təsərrüfatının inkişafı
Aqroparkların yaradılması – Ölkənin müxtəlif bölgələrində iri aqroparklar fəaliyyət göstərir, burada müasir suvarma sistemləri və yeni texnologiyalar tətbiq edilir.
Fermerlərin dəstəklənməsi – Subsidiya, güzəştli kreditlər və texniki dəstək proqramları həyata keçirilir.
İxrac imkanlarının genişləndirilməsi – “Made in Azerbaijan” brendi altında kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxışı artırılıb.
3. Turizmin inkişafı
Turizm infrastrukturu gücləndirilib – Yeni hotellər, istirahət mərkəzləri və turizm marşrutları yaradılıb.
Vizaların sadələşdirilməsi – “ASAN Viza” sistemi vasitəsilə bir çox ölkələrin vətəndaşları üçün vizaların alınması asanlaşdırılıb, bu da turist axınını artırıb.
<!—-> <!––>
Beynəlxalq tədbirlər və festivallar – Formula 1, Avropa Oyunları və digər beynəlxalq tədbirlər turizmin inkişafına təkan verib.
4. İKT və rəqəmsal transformasiya
“Azərkosmos” – Azərbaycan öz peyklərini orbitə çıxararaq kosmik sənaye sahəsində inkişaf edib.
Startap və innovasiya ekosisteminin inkişafı – Dövlət tərəfindən startaplara dəstək verilir, yeni innovasiya mərkəzləri açılır.
Elektron hökumət – Rəqəmsal xidmətlərin artırılması, “ASAN Xidmət” və “ASAN Kommunal” kimi layihələr dövlət xidmətlərini vətəndaşlar üçün əlçatan edib.
5. Nəqliyyat və logistika
Böyük infrastruktur layihələri – Bakı-Tbilisi-Qars dəmir yolu, yeni avtomobil yolları və hava limanları Azərbaycanın tranzit imkanlarını artırıb.
Ələt Azad İqtisadi Zonası – Bu layihə Azərbaycanın beynəlxalq logistika mərkəzinə çevrilməsi üçün mühüm addımdır.
6. Kiçik və Orta Biznesin (KOB) inkişafı
KOBİA-nın yaradılması – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlara dəstək verir.
Güzəştli kreditlər və subsidiyalar – Dövlət sahibkarlara əlverişli maliyyələşdirmə imkanları təqdim edir.
7. Alternativ enerji sektorunun inkişafı
Bərpa olunan enerji layihələri – Günəş, külək və su elektrik stansiyaları inşa edilir, yaşıl enerji sektoruna xarici investorlar cəlb olunur.
Azərbaycanın qeyri-neft-qaz sektorundan büdcə daxilolmalarında ciddi artım qeydə alınmaqdadır. Belə ki, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 19 milyard 194,6 milyon manat təşkil edib ki, bu da proqnozdan 3,1%, 2023-cü illə müqayisədə isə 12,4% çoxdur. Hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 51,6% olub.
Qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 57,5%-ni və yaxud 11 milyard 27,5 milyon manatını vergi və rüsumlar üzrə daxilolmalar, 34,6%-ni və yaxud 6 milyard 648,7 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,9%-ni və yaxud 547,9 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 1,3%-ni və ya 250 milyon manatını Azərbaycan Mərkəzi Bankının mənfəətindən daxilolmalar, 0,2%-ni və yaxud 37,6 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 0,4%-ni və yaxud 69,9 milyon manatını məqsədli büdcə fondları (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmalar, 3,1%-ni və yaxud 613 milyon manatını sair daxilolmalar təşkil edib.
İqtisadçı Pərviz Heydərov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, ölkədə qeyri-neft-qaz sektorunun inkişafından danışdıqda qeyd etmək lazımdır ki, 2011-ci ildə onun ÜDM-də payı 49% təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 68%-ə çatıb.
O bildirib ki, buna əsasən, adıçəkilən sektorun ölkənin xarici ticarət dövriyyəsində ixracda payı cüzi də olsa, artıb və dövlət büdcəsi gəlirlərində rolu yüksəlib:
“Ümumiyyətlə, qeyri-neft-qaz sektoru hələ 2014-2015-ci illərdəki məlum qlobal iqtisadi-maliyyə böhranınından əvvəl də ölkə iqtisadiyyatının inkişafında prioritet sahə seçilmişdi və onun aparıcı vasitəsəyə çevrilməsi qarşıya bir nömrəli vəzifə olaraq qoyulmuşdu”.
P.Heydərov hesab edir ki, sözügedən sektorun inkişafına nail olmaq üçün ölkədə hər cür addımlar atılıb və atılır, müvafiq tədbirlər görülür:
“Bütün bunlar, xüsusən qeyd etdiyim 2014 və 2015-ci ildəki qlobal böhrandan sonra daha da gücləndirildi. Müxtəlif sənədlər qəbul olundu, yol xəritələri işləndi, stimullaşdırıcı və himayəedici siyasət həyata keçirildi və bunlar davam etdirilməkdədir. Tendensiyanı sürətləndirmək tələb olunur”.
İqtisadçı tendensiyanın sürətləndirilməsi üçün həll yolları da təklif edib:
“Ölkəyə idxal artmamalıdır, – bu prosesin qarşısı alınmalıdır. Bazara nəzarət olunmalıdır. Yerli istehsalda getdikcə daxili resurslardan və xarici xammal vasitələrindən istifadə məsələləri uyğunlaşdırılmalıdır.