Bakı. Günaydın:
İki qardaş ölkə olaraq (Azərbaycan və Pakistan – red.) biz
beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi
davam etdirəcəyik.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu sözləri Prezident İlham Əliyev Pakistanın Baş naziri
Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Baş nazir, əziz qardaşım.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Əziz qardaşım, Azərbaycana bir daha xoş gəlmisiniz. Sizi görmək
və söhbət etmək imkanı böyük şərəf və iftixar hissi oyadır. Çox
şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx
tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı.
Cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən
isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz
qardaşım Azərbaycana dövlət səfərinə gəlib.
Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx
münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox
mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx
tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz,
xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın
strateji əhəmiyyətini bir daha vurğuladıq.
İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün
məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz
ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində
bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq
təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün
beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.
Həmçinin bu gün əziz qardaşımla zəmanəmizin beynəlxalq
gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Beynəlxalq
münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız
tam üst-üstə düşür. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari
və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə
etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür.
Bir sözlə, biz ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki,
bunu necə etməyi bilirik. Xüsusən də nəzərə alaq ki, ötən yay
Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın
Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq
planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret
layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda
qiymətləndirir.
Bir sözlə, bu gün düşünürəm ki, qardaşımla birgə çox mühüm, eyni
zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün
müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün
hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf
sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri
əhatə edir.
Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz
mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda
artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı
imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar
gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə
planlarımız əsasında, əminəm ki, biz ticari dövriyyəmizin artımını
da görəcəyik.
Bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə,
eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur.
Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi
avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və
birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz
müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə
etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik
ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan
da öz potensialını inkişaf etdirir. Biz müdafiə sənayesinin
məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki,
birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da
artacaq.
Müzakirə etdiyimiz digər mühüm sahə bağlantı və daşımalardır.
Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan
Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması
məqsədilə mən cənab Baş nazirə planlarımız, müqavilələr və
imzaladığımız razılaşmalar barədə məlumat verdim – istər
Şimal-Cənub və ya Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir.
Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o
cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın
yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak
etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan
olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır.
Beləliklə, bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha
vurğuladıq. Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan
biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki
tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri
əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq.
Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı
əlaqənin şahidi olacağıq.
Əziz qardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət
səfərinə gəldiyinizə görə Sizə bir daha minnətdaram. Mən ölkə
lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Sizin
baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətən nəinki
iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik
sahəsində və Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi
potensialında mühüm nəticələr verir. Bütün bunlar gərgin əməyiniz
və heyətinizin işi sayəsində mümkün olmuşdur. Bir sözlə, qardaş və
dostlarınız kimi, biz Baş nazir Şərifin müdrik rəhbərliyi ilə
Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz
qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə
olacağıq. Bir daha xoş gəlmisiniz.