Bakı. Günaydın:
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu,
əsgər Quliyev Şirxan Söhrab oğlunun ölüm faktı əsasında Şəmkir
hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi
Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları
idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış,
məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili
müayinəsi keçirilmiş, eləcə də digər hərəkətlər icra
edilmişdir.
Bunu Trend-in
sorğusuna cavab olaraq, hərbi prokurorun böyük köməkçisi – Hərbi
Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri
Firad Əliyev bildirib.
Onun sözlərinə görə, fakt üzrə Şəmkir hərbi prokurorluğunda
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə
cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif
ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq
hərəkətləri həyata keçirilmişdir.
“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin
tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən
hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.
ALLAH hərbçimizə rəhmət eləsin!”, – o bildirib.