Bakı. Günaydın:
Azərbaycan və Pakistan uzun illərdir ki, siyasi, iqtisadi və
hərbi əməkdaşlığa söykənən möhkəm strateji tərəfdaşlıq
münasibətləri saxlayır. Dövlətlərin bu əlaqələrini beynəlxalq
arenada qarşılıqlı olaraq bir-birinə dəstək verməsi, ümumi regional
maraqlar və tarixi bağlar daha möhkəmləndirir. Pakistanın baş
naziri Şahbaz Şərifin bir müddət əvvəl Bakıya etdiyi səfər
tərəfləri bir-birinə daha da yaxınlaşdıraraq, əsas sektorlarda, o
cümlədən enerji, müdafiə və ticarət sahələrində əməkdaşlıq üçün
yeni imkanlar yaratmış olub.
Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Pakistan münasibətlərinin
“təməl daşı” olaraq qalır və hər iki ölkə onun inkişafında mühüm
uğurlara nail olmağa can atırlar. Pakistan uzun illərdir ki,
Azərbaycan neft və qazını idxal edir, Bakının ixrac bazarlarını
genişləndirmək səyləri isə İslamabadla münasibətlərin
dərinləşdirilməsində bu sektoru prioritet istiqamətlərdən birinə
çevirir.
Ş.Şərifin Bakı səfəri zamanı Pakistanın uzunmüddətli
tərəfdaşlarından olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)
pakistanlı həmkarları ilə ilə bir sıra sazişlər bağlayıb. Onların
arasında neft məhsullarının tədarükü və sıxılmış təbii qazın (STQ)
alqı-satqısı ilə bağlı müqavilələr yer alır. Danışıqların ən mühüm
nəticələrindən biri STQ üzrə çərçivə sazişinin daha iki il
müddətinə uzadılması və STQ sövdələşmələrə dəstək məqsədilə ticarət
şirkətinin yaradılması olub. Bu addım Azərbaycanın Cənubi Asiyaya
enerji daşıyıcılarının etibarlı tədarükçüsü kimi artan rolunu
vurğulayır.
Enerjidən savayı, ikitərəfli münasibətlərdə hərbi əməkdaşlıq
məsələsi də önəmli yer tutur. Azərbaycan Prezidenti İlham Əliyev və
Pakistan baş naziri Şahbaz Şərif arasında danışıqların nəticələrinə
əsasən, tərəflər hərbi əməkdaşlığın genişləndirilməsi, o cümlədən
bir müdafiə istehsalatının perspektivləri ilə bağlı razılığa
gəliblər.
Pakistanın müdafiə sənayesinin yüksək inkişaf etməsini və
Azərbaycanın bu sektordakı artan imkanlarını qeyd edən Prezident
İlham Əliyev müdafiə texnikasının birgə istehsalı potensialına
diqqət çəkib.
“Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə
ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız –
ixracyönümlü təchizatımız daha da artacaq”,-deyə dövlət başçısı
bildirib.
Baş-nazir Şərif bu fikri dəstək olaraq, müdafiə sahəsində
əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmağın vacibliyini
vurğulayıb.“Biz müdafiə sahəsində birgə istehsalat potensialı
yaratmalıyıq və hər iki tərəf tam olaraq dəstəkdir”, – deyə o
bildirib.
Azərbaycan-Pakistan əməkdaşlığının başqa bir vacib sahəsi
nəqliyyat və regional əlaqələrdir. Azərbaycan Şimal-Cənub, həmçinin
Şərq-Qərp kimi dəhlizlərdə öz tranzit imkanlarını əhəmiyyətli
dərəcədə genişləndirib ki, bu da onu regional ticarətin önəmli
mərkəzinə çevirir. Bu imkanlardan faydalanmağa çalışan Pakistanın
öz nəqliyyat planlarını Azərbaycanın mövcud tranzit insfrastrukturu
ilə inteqrasiya edəcəyi gözlənilir.
Prezident İlham Əliyev bu əməkdaşlığın vacibliyini vurğulayaraq,
iki ölkə arasında birbaşa nəqliyyat əlaqələrinin qurulmasının yeni
iqtisadi imkanlar yaradacağını diqqətə çatdırıb.
“Bununla bağlı nəqliyyat sahəsinə məsul olan şəxslərə müvafiq
təlimatlar verilib ki, regional əməkdaşlığa daha geniş yanaşaq,
limanlarımız, dəmir yolu qurumları arasında təmaslarımız yaransın
və daha geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq təmin
edilsin”,- deyə Azərbaycan Prezidenti vurğulayıb.
Azərbaycanın tranzit potensialından yararlanmaqla Pakistan
Mərkəzi Asiya, Qafqaz və Avropa ilə öz ticari əlaqələrini
möhkəmləndirə və öz iqtisadi iştirakını Cənubi Asiya hüdudlarından
kənarda da genişləndirə bilər.
Azərbaycan və Pakistan qarşıya ambitsiyalı bir tapşırıq qoyub –
ikitərəfli ticarət dövriyyəsi 2 milyard dollara qədər
qaldırılmalıdır. Bu cari səviyyə ilə müqayisədə 20 milyon dolları
üstələyən əhəmiyyətli sıçrayış olacaq. Çağırışlara baxmayaraq, bu
yaxınlarda əldə olunan razılaşmalar tərəflərin bu hədəfə çatmaqda
möhkəm qətiyyət ortaya qoyduğunu göstərir.
Azərbaycanla ticarətə dəstək olmaq məqsədilə Azərbaycan
İslamabadda Azərbaycanın ticarət palatasını yaradıb. Öz növbəsində
baş nazir Şərif ticarət-investisiya əməkdaşlığını genişləndirmək
məqsədilə Bakıda Pakistanın anoloji ticarət palatasını açmağı
təklif edib
“Mən hesab edirəm ki, biz Pakistanın Ticarət Palatasını burada,
Bakıda yaratmalıyıq, həmçinin Azərbaycanın digər vacib şəhərlərində
onun nümayəndəliklərini yaratmalıyıq ki, bu palatalar real vaxt
rejimində məlumat toplaya, onları mübadilə edə və potensial
treyderlər və investorlara ötürə bilsinlər. Bu son dərəcə faydalı
olardı”, -deyə o vurğulayıb.
Bundan başqa, Azərbaycan Pakistan iqtisadiyyatına, ilk növbədə
enerji və infrastruktur sektoruna 2 milyard dollar həcmində
investisiyanın qoyulması haqqında planlarını elan edib. Şərif eyni
zamanda ticarət və investisiya əlaqələrinin optimallaşdırılması
məqsədilə daimi informasiya bürosunun yaradılması barədə məlumat
verib.
Azərbaycan-Pakistan əlaqələrinin möhkəmləndirilməsi daha dərin
strateji əməkdaşlığı keçidin təzahürüdür. Enerji, müdafiə, ticarət
və logistika sahələrində ambitsiyalı planlar gerçəkləşdirən
tərəflər vacib regional oyunçular kimi öz mövqelərini
möhkəmləndirməkdədirlər.
Şərifin səfəri zamanı imzalanmış sazişlər təkcə iki tərəfli
münasibətləri möhkəmləndirmir, eyni zamanda Azərbaycan və
Pakistanın beynəlxalq arenalardakı rolunu artırır.
Möhkəm təmələ və ortaq gələcək baxışına malik olan tərəflər öz
tərəfdaşlıqlarını regional əməkdaşlıq üçün uğurlu bir modelə
çevirməyə can atırlar.