Bakı. Günaydın:
Uzun illərdir davam edən 1915-ci il hadisələri hekayəsini şübhə
altına alaraq mübahisələri alovlandıran Ermənistan Baş naziri Nikol
Paşinyan həm ölkə daxilində, həm də qlobal erməni diasporunda
tənqidlərə məruz qalır. Onun açıqlamaları “erməni soyqırımı”nın
formalaşmasında Sovet İttifaqının roluna və bu təbliğatın arxasında
duran geosiyasi motivlərə işıq salır.
Trend
Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu
barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya
Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham
Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində
yazıb.
Bildirilib ki, “Nikol Paşinyan və 1915-ci il hadisələri”
başlıqlı məqalədə Paşinyanın Davosda çıxışının qəbul edilmiş tarixi
təsəvvürlərə meydan oxuduğu, bununla da həm qızğın müzakirələrə,
həm də erməni millətçilərinin və beynəlxalq müşahidəçilərin kəskin
reaksiyalarına səbəb olduğu göstərilib. 1915-ci il hadisələrinə
dair soydaşlarının şərhinə şübhə ilə yanaşdığını bildirən erməni
Baş nazir onların uzun illər formalaşmış versiyalardan əl
çəkməmələrini tənqid edib.
Paşinyana görə, bu hadisələr zamanı dəqiq nəyin və niyə baş
verdiyini, eləcə də “erməni soyqırımı” məsələsinin nə üçün 1939-cu
ildə gündəmə gətirilmədiyini, 1950-ci illərdə qəfildən
aktuallaşdığını anlamaq vacibdir. Paşinyanın bəyanata həm
Ermənistan daxilində, həm də qlobal erməni diasporunda çox sərt
reaksiya verilib. O, Ermənistanın milli təhlükəsizliyini təhdid
sayılacaq “təhlükəli” bəyanatlar səsləndirməkdə ittiham olunub.
Paşinyan ermənilərin uzun illərdir “erməni soyqırımı” adlandırılan
1915-ci il hadisələrindən siyasi və milli məqsədlərlə öz
maraqlarını dünyada təbliğ etmək, hətta Türkiyəyə siyasi ziyan
vurmaq üçün istifadə etdiklərini söyləyib. Onun sözlərinə görə,
bunu təkcə ermənilər deyil, həm də sovetlər edib. Bu da
Ermənistanın baş nazirinin daha kəskin şəkildə tənqid olunmasına
gətirib çıxarıb.
Məqalədə Paşinyana istinadən yazılıb ki, əlavə miflərlə
“soyqırımı” hekayəsini Sovet İttifaqı uydurub, Ermənistan Sov.İKP
MK üzvü Karen Dəmirçyan isə təbliğ edib. Müəllifin fikrincə,
Paşinyanın 1950-ci illərin adını çəkməsi də təsadüfi deyil. Belə ki
1952-ci ildə Türkiyə NATO-ya üzv qəbul olunub. Nəticədə sovetlər
Türkiyəyə təzyiq göstərmək üçün erməni tarixindən istifadə etməyə
başlayıblar. Bu vəziyyət sovetlərin ermənilərin qayğısına qalmaq və
ya 1915-ci il hadisələri ilə bağlı həqiqəti üzə çıxarmaq istəyindən
deyil, türklərə nifrətindən və Sovet İttifaqının düşməni olan NATO
üzvlərinə zərər vermək istəyindən irəli gəlib. Bununla belə,
Sovetin “erməni soyqırımı”nı təbliğinə, hadisələrin şərhinə miflər
əlavə etməsinə baxmayaraq, bu hekayənin yaradıcısı elə ermənilər
özləridir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: