Bakı: Trend:
Bir çox insan düşünür ki, qarlı hava günəş panellərinin enerji
istehsalını tamamilə dayandırır. Ancaq bu, heç də belə deyil.
Trend qarlı
havada günəş panellərinin necə işlədiyinə Qaradağ Günəş Elektrik
Stansiyasının nümunəsində nəzər salır.
Belə ki, energetika nazirliyindən verilən məlumata görə, 24
fevral tarixində qar yağmasına baxmayaraq stansiya 230 meqavat
maksimal gücə çataraq yüksək məhsuldarlıq göstərib.
Məlumata əsasən, qarsız, ancaq buludlu hava şəraitində keçmiş 19
fevral tarixində gün ərzində 224,4 meqavat-saat enerji istehsal
olunduğu halda, 24 fevral tarixində eyni göstərici demək olar ki
1495 meqavat-saata yüksəlib.
“Səbəb isə budur ki, stansiyada panellərin maili yerləşdirilməsi
və səthinin sürüşkən olması qarı asanlıqla təmizləyir. Soyuq hava
isə panellərin daha səmərəli işləməsinə kömək edir və onların
performansını artırır. Müasir günəş panellərinin arxa səthi də
#elektrikenerjisi istehsal edir. Yer səthi qarla örtüldüyündən və
ağ rəng günəş şüasını maksimum əks etdirdiyindən günəş panellərinin
əlavə işıq qəbul etməsinə səbəb olur. Beləliklə, açıq səma
şəraitində qarlı havada panellər gözləniləndən daha çox enerji
istehsal edir”, – deyə məlumatda vurğulanıb.
<!—->
<!––>
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda günəş enerjisi
ilə işləyən stansiyalar 16 milyon kVt-saat elektrik enerjisi
istehsal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 milyon
kVt-saat və ya 5,5 dəfə çoxdur.
Ümumilikdə, ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar ayında
342,9 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər
göstərilib.
Hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və
emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 45,8 milyon
manat təşkil edib.