Bakı. Günaydın:
Bu gün Xocalı soyqırımının 33-cü ildönümü qeyd edilir. Birinci
Qarabağ müharibəsi zamanı erməni qüvvələri tərəfindən törədilən bu
faciə, müasir tarixin ən dəhşətli cinayətlərindən biri hesab
olunur.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Xocalı
soyqırımının ildönümü ilə bağlı yaydığı rəsmi mesajda qeyd
olunub.
Məlumatda bildirilir: “1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalı şəhəri insanlıqdan kənar bir hücuma məruz qaldı.
Nəticədə 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı olmaqla 613 günahsız
insan qətlə yetirildi, 1 275 nəfər isə girov götürüldü. Xocalı
qurbanlarının və sağ qalanların acı xatirəsi Türk dünyasının
qəlbində yeni yara kimi qorunub saxlanır. Bu Anım Günündə Xocalı
soyqırımı qurbanlarını dərin ehtiramla yad edir, Azərbaycan
hökuməti və qardaş Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha
vurğulayırıq.”
TDT-nin rəsmi mesajı #Xocalı #Khojaly #Hocalı haşteqləri ilə
yayımlanıb.