Bakı. Günaydın:
26 fevral 2025-ci il tarixində Azərbaycanın BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) sədrliyinin təşkilatçılığı və Birləşmiş
Ərəb Əmirliklərinin ev sahibliyi ilə Münaqişələrdən və humanitar
ehtiyacdan əziyyət çəkən iqlim dəyişmələrinə həssas ölkələr
Şəbəkəsinin Strateji İclası keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, iclasda iqlim dəyişmələrinə
həssas ölkələrin, beynəlxalq təşkilatların və maliyyə qurumlarının
yüksək səviyyəli nümayəndələri iştirak edib. Tədbirin əsas məqsədi
ötən il COP29-da Azərbaycan sədrliyinin təşəbbüsü ilə qəbul edilmiş
Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışının
həyata keçirilməsi üçün iqlim maliyyəsinin səfərbər edilməsi,
dayanıqlılığın gücləndirilməsi sahəsində praktiki həllərin inkişaf
etdirilməsidir.
İki gün davam edəcək strateji müzakirələrin açılış tədbirində
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın
Rəfiyev çıxış edərək, ötən il COP29 sədrliyimizin təşəbbüsü ilə
qəbul edilmiş Bakı Çağırışı, həmçinin praktiki icra mexanizmi kimi
təsis edilmiş İqlim və Sülh Fəaliyyəti üzrə Bakı Mərkəzinin iqlim
böhranı və münaqişələrdən əziyyət çəkən ölkələrə dəstəyin
göstərilməsi üçün vacib əməli addımlar olduğunu qeyd edib. Həssas
ölkələrə yardımın artırılması üçün beynəlxalq əməkdaşlığı təşviq
etmək məqsədilə ölkəmizin COP29 sədrliyi çərçivəsində bir sıra
həssas ölkələrdə pilot layihələrin həyata keçirilməsinə nail olmağı
hədəflədiyi diqqətə çatdırılıb.
Stratei iclasın açılışında, həmçinin Birləşmiş Ərəb Əmirliyinin
xarici işlər nazirinin müavini Abdulla Balaaa, Ənvər Qarqaş
Diplomatik Akademiyasının Baş direktoru Nikolay Mladenov, İtaliya
Hökumətinin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi elçisi
Françesko Korvaro, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının (UNFCCC) Elmi və Texnoloji
Məşvərət üzrə Köməkçi Orqanının (SBSTA) sədri Adonia Ayebare çıxış
edib. Natiqlər Azərbaycanın iqlim diplomatiyasının mərkəzində
həssas ölkələrə yardımın artırılması kimi hədəfin durmasını təqdir
edib, ölkəmizin ev sahibliyində fəaliyyət göstərəcək Bakı İqlim və
Sülh Mərkəzinin sülh və iqlim sahəsinədə iri miqyaslı beynəlxalq
təşəbbüslərin əlaqələndirici platforması rolunu oynamasını,
ölkəmizin qazandığı etibarının bariz nümünəsi kimi
qiymətləndirib.
Bu gün də davam edəcək iclasda Həssas ölkələr Şəbəkəsinin
bəyanatının və onun fəaliyyəti üzrə Yol Xəritəsinin qəbul edilməsi
nəzərdə tutulur.