Bakı. Günaydın:
ABŞ-nin Nyu York şəhərində yerləşən Kolumbiya Universitetində
Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Echos of
Khojaly: Remembering the İnnocence” (“Xocalı sədaları: Məsumluğun
Anımı”) adlı anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə,
Azərbaycan Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə
keçirilən tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi
nümayəndəliyinin, Azərbaycan Respublikasının Amerika Birləşmiş
Ştatlarındakı Səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin
əməkdaşları, eləcə də Kolumbiya, Harvard və digər universitetlərdə
təhsil alan gənclər, Nyu York yaşayan Azərbaycan və türk
diasporlarının təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və
Xocalı soyqırımı qurbanları, ölkəmizin ərazi bütövlüyü uğrunda
canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunub.
Açılış nitqi ilə çıxış edən Amerika Gənclər Federasiyasının
rəhbəri Leyla Aslanova qonaqları salamlayaraq Xocalı soyqırımı
haqqında iştirakçılara ətraflı məlumat verib.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir
Tofiq Musayev Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdiyi
soyqırımına beynəlxalq arenada hüquqi-siyasi qiymət verilməsi üçün
işlərin aparıldığını qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova
Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, beynəlxalq
ədalətin bərpası istiqamətində görülən işlərdən, 30 illik həsrətdən
sonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışından söz
açıb.
Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin əməkdaşı Ceyhun
Novruzov soyqırımın ABŞ-də hüquqi qiymət verilməsinə nail olmaq
üçün səfirliyin gördüyü işlərdən bəhs edib.
<!—->
<!––>
“Geo TV”-nin rəhbəri, BMT-də akkreditə olunmuş jurnalist Azim
Mian ölkəmizə səfəri barədə danışıb, səfər zamanı Azərbaycanın
işğaldan azad olmuş ərazilərdəki erməni vandalizminin şahidi
olduğunu, minalanmış zonaların insanların həyatına təhlükə
törətdiyini və gələcəkdə Xocalı soyqırımına beynəlxalq aləmdə
hüquqi qiymət veriləcəyinə ümid etdiyini bildirib.
Sonra Heydər Əliyev Fondunun hazırladığı və Xocalı soyqırımı
şahidlərinin o dəhşətli gecədən bəhs edən fikirlərinin yer aldığı
videomateriallar nümayiş olunub.
Azərbaycan Amerika Gənclər Federasiyasının üzvü, Kolumbiya
Universitetinin tələbəsi Kamran Həsənov Xocalı soyqırımı ilə bağlı
araşdırma əsasında məruzə ilə çıxış edib.
Anım tədbirində Xocalı soyqırımının bəşəri cinayət olması və
cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab
verməli olduqları auditoriyanın diqqətinə çatdırılıb.
Tədbirdə Nyu-Yorkda yaşayan sənətçilər-Milli Musiqi və Qlobal
Mədəniyyət Cəmiyyətinin rəhbəri, beynəlxalq müsabiqələr laureatı,
Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova (fortepiano) və
diaspor fəalı Aqil Hüseynovun (tar) ifasında Xocalı soyqırımı
qurbanlarının xatirəsinə ithaf olunmuş həzin musiqi
səsləndirilib.
“My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil alan uşaqların
əl işindən ibarət Xocalı soyqırımının dəhşətlərini əks etdirən
sərgi, eyni zamanda Mərkəzin mədəniyyət üzrə direktoru,
azərbaycanlı rəssam-heykəltəraş Emin Quliyevin müəllifi olduğu
“Xocalı Harayı” kompozisiyası nümayiş olunub.
Qeyd edilir ki, Xocalı soyqırımı haqqında məlumatlılığın
artırılması, Ermənistanın işğalçı siyasəti nəticəsində insanlığa
qarşı törədilmiş cinayətin, Qarabağ və regiondakı mövcud vəziyyətlə
bağlı gerçək faktların beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılması, yayılmış erməni dezinformasiyalarının qarşısının
alınması, regionda sülh və sabitliyin təmin edilməsi prosesinə
diqqətin cəlb olunması məqsədilə keçirilən bu cür tədbirlərin
əhəmiyyəti olduqca faydalıdır.