Bakı. Günaydın:
Bəhreyn Krallığına səfər çərçivəsində Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK
İncəsənət Fondunu ziyarət ediblər.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, RAK İncəsənət Fondu müxtəlif sənət sərgilərindən əldə
olunan, ayrı-ayrı nəsilləri və incəsənət məktəblərini təmsil edən
bəhreynli rəssamların əsərlərinin ən seçmə nümunələrini təqdim
edir. Qeyri-kommersiya təşkilatı olan RAK rəssamların dünya
miqyasındakı rolunu gücləndirir və müxtəlif sərgilər, tədbirlər və
əməkdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq tərəfdaşlıqlara töhfə
verir. Fondun fəaliyyətinin məqsədi incəsənət təmsilçilərini bir
araya gətirmək, ictimaiyyəti maarifləndirmək, tənqidi mühakimə
yürütmək və sosial dialoq üçün platforma təmin etməkdir.
RAK İncəsənət Fonduna səfər zamanı burada təqdim edilən dünya
şöhrətli rəssamların əsərlərindən ibarət ekspozisiya ilə tanışlıq
da olub.
RAK İncəsənət Fondunun rəssamlarının əsərləri Azərbaycan
izləyicilərinə ötən il Bakıda açılan sərgidə təqdim edilmişdi.
Həmçinin, Heydər Əliyev Mərkəzində RAK İncəsənət Fondunun təsisçisi
və görkəmli bəhreynli rəssam Raşid Al Xalifanın sərgisi təşkil
olunmuşdu.
Qeyd edək ki, Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə,
o cümlədən incəsənət sahəsində səmərəli əməkdaşlıq qurulub.
Ümumbəşəri sənət dili sayılan incəsənət xalqlar arasında qarşılıqlı
anlaşma və dostluq əlaqələrinin qurulmasına mühüm töhfədir. Mədəni
sahədə əlaqələr ölkələrimiz arasında gələcək tərəfdaşlıq
imkanlarının daha da genişlənəsinə zəmin yaradır.