Bakı. Günaydın:
Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) genişlənməsi üçün Avropa İttifaqının maliyyə dəstəyi böyük əhəmiyyət kəsb edir.
Trend İCGB-ə istinadən xəbər verir ki, bunu qaz kəməri operatorunun icraçı direktoru Teodora Georgiyeva Bolqarıstanda enerji sammitində deyib.
“Regional əməkdaşlıq həlledici əhəmiyyət daşıyır və biz xüsusilə Şaquli Qaz Dəhlizi təşəbbüsü çərçivəsində bazar yönümlü çözümlərə çevik yanaşmalıyıq. IGB qaz kəmərinin genişləndirilməsi ICGB üçün prioritet olaraq qalır, çünki bu, regionun uzunmüddətli enerji təhlükəsizliyinin artırılması baxımından vacibdir. Lakin hazırda bazarın marağı məhduddur, bu da qaz kəmərinin rəqabət qabiliyyətini təmin etmək üçün subsidiya və ya qrant əsaslı maliyyələşmə strukturunu vacib edir”, – deyə o bildirib.
Georgiyeva xüsusilə Moldovaya və Ukraynaya təhlükəsiz və şaxələndirilmiş qaz tədarükü üçün mümkün marşrut kimi, İGB-nin dayanıqlılığını qoruyub-saxlamaq baxımından düzgün maliyyələşmə mexanizmlərinin təmin edilməsinin həlledici rol oynadığını vurğulayıb.
<!—-> <!––>
“Avropa İttifaqının dəstəyi bu genişlənmənin həyata keçirilməsi üçün əsasdır – subsidiya və ya qrant maliyyələşdirilməsi bu qaz kəməri vasitəsilə etibarlı və sərfəli tədarüklərin davamlılığını təmin edəcək. Qaz Avropanın enerji strukturunun vacib elementi olaraq qalacaq və Avropa Komissiyası bu faktı nəzərə almaya bilməz”, – deyə o əlavə edib.
Məlumata əsasən, müzakirənin bütün iştirakçıları Cənub Qaz Dəhlizi və Şaquli Qaz Dəhlizinin böyük əhəmiyyətini və etibarlılığını təsdiqləyərək, bu layihənin gerçəkləşdirilməsi üçün avropalıları həmrəy olmağa səsləyiblər.
Qeyd edək ki, IGB Bolqarıstanın Cənub Qaz Dəhlizinə qoşulmasına imkan yaradır və Şaquli Qaz Dəhlizinin bir hissəsidir. Qaz kəməri regionda enerji inteqrasiyasını və təhlükəsizliyini gücləndirərək, yeni və şaxələndirilmiş mənbələrdən təbii qaz əldə etmək imkanı yaradır. Hazırda qaz kəməri illik 3 milyard kubmetr gücü ilə fəaliyyət göstərir və bu göstəricinin 5 milyard kubmetrədək artırılması potensialı mövcuddur. İnterkonnektor Bolqarıstanın daxili təbii qaz istehlakının təxminən 70 faizini təmin edir və Moldova, Ukrayna kimi əsas bazarlara etibarlı tədarük marşrutu yaradır.
X: @Lyaman_Zeyn