Bakı. Günaydın:
Bu gün AZƏRTAC agentliyi 105 yaşını qeyd edir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan AZƏRTAC ilk milli xəbər agentliyi kimi mürəkkəb, çətin və şərəfli yol keçib.
Həmin il martın 2-də “Azərbaycan” qəzetində AzərTac imzası ilə ilk xəbərlər dərc olunub. Təəssüf ki, Cümhuriyyət dövrünün yadigarı olan AZƏRTAC müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bilib.
AXC-nin süqutundan sonra agentlik Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərib və 70 il ərzində adı 7 dəfə dəyişdirilib, xəbər yayımında ciddi məhdudiyyətlərlə üzləşib. Lakin buna baxmayaraq, agentlik üzərinə düşən tarixi missiyanı çətinliklə olsa da, axıradək yerinə yetirib.
<!—-> <!––>
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra agentliyin tarixi adı qaytarılıb – 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlayıb. Prezident İlham Əliyevin 2015-ci il fevralın 26-da imzaladığı Sərəncamla isə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb.
AZƏRTAC hazırda səkkiz dildə – Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır.
Trend Beynəlxalq İnformasiya Agentliyi olaraq AZƏRTAC-dakı həmkarlarımızı təbrik edir, onlara yeni uğurlar arzu edirik!