Bakı. Günaydın:
ABŞ-ın Kolorado ştatının Denver şəhərində yerləşən Denver
Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş
“Khojaly Voices: A Day of Remembrance” (“Xocalının səsləri: Anım
Günü”) adlı tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir
“Koloradoda Azərbaycan Diasporu” təşkilatı və Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Anım mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin,
Azərbaycanın ABŞ-dəki Konsulluğunun əməkdaşları, Azərbaycan
icmasının və yerli ictimaiyyətin üzvləri iştirak edib.
Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və
Xocalı soyqırımı qurbanlarının, ölkəmizin ərazi bütövlüyü uğrunda
canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunub.
“Koloradoda Azərbaycan Diasporu” təşkilatının rəhbəri Nigar
Şıxsəfiyeva açılış nitqində Xocalı soyqırımı haqqında qonaqlara
ətraflı məlumat verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova
Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, beynəlxalq
ədalətin bərpası istiqamətində görülən işlərdən, 30 illik həsrətdən
sonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışından
danışıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun konsulu Ramiz
Daşdəmirov soyqırımına ABŞ-də hüquqi qiymət verilməsinə nail olmaq
üçün konsulluğun gördüyü işlərdən danışıb.
Konfransda ELTV və “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət
Mərkəzinin “History of Azerbaijan” layihəsi çərçivəsində
hazırladığı Xocalı faciəsindən bəhs edən film nümayiş olunub.
İcma üzvü Ülviyyə Adıgözəlova Xocalı soyqırımı qurbanlarının
xatirəsinə həzin musiqi ifa edib. Koloradodakı icmamızın 5 nəfər
azyaşlı üzvünün Xocalı soyqırımının qurbanı uşaq və körpələrə ithaf
etdikləri teatr səhnəsi nümayiş olunub və müxtəlif şeirlər
səsləndirilib.
Sonda icma üzvləri Kolorado ştatında diaspor təşkilatına yeni
yaranmasına baxmayaraq, belə bir tədbirin təşkilinə görə
minnətdarlıq ifadə edib və gələcək fəaliyyətində uğurlar
arzulayıblar.
Qeyd edək ki, bu cür tədbirlərin xüsusilə də ABŞ-də keçirilməsi,
erməni dezinformasiyalarının qarşısının alınması və regionda
davamlı sülh və sabitliyin təmin edilməsi məsələlərinə diqqətin
yönəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu cür
fəaliyyətlər, həmçinin regionda ədalət və həqiqətin bərpa
edilməsinə də töhfə verir.