Samsung şirkəti Galaxy A36 5G və A56 5G ilə yetinməyərək üstəlik Galaxy A26 5G modelini də təqdim edib. Bu model xarici görünüşcə demək olar ki, Galaxy A36 5G və A56 5G-yə bənzəyir. Sadəcə olaraq dizayn baxımından əsas fərq ondadır ki, Galaxy A26 5G-nin ekranı üzərində damcı formalı çıxıntı hissə yerləşir. Galaxy A26 5G böyük ölçülü ekranı, Exynos prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Beləliklə bu model 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Galaxy A26 5G-nin gövdəsi IP67 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Exynos 1380 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib.

Kameralar mövzusunda smartfon 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Galaxy A26 5G özündə 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirir. Smartfon qutudan Android 15 vasitəsilə çalışır. Samsung bildirib ki, Galaxy A26 5G smartfonu da 6 illik Android dəstəyinə və 6 illik təhlükəsizlik dəstəyinə sahib olacaq. Smartfon artıq satışa çıxıb və onun qiyməti 299 avrodan start götürür.