Bakı. Günaydın:
Bu gün Azərbaycanda Od çərşənbəsidir.
Trend-in
məlumatına görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında
Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.
Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından
qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun
üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı
yandırırlar.
<!—->
<!––>
Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsində
müqəddəslik rəmzi olub. Od çərşənbəsinin mahiyyətində odun qədimdən
müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən
təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.
Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın
yaradılış prosesinin ikinci mərhələsinin – od komponenti ilə bağlı
mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlı
müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla
bağlayırlar. Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə
şənliklər təşkil olunur. Günəşin istisini arzulayanlar babalarımız
böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə
nəğmələr söyləyərdilər.