Bakı. Günaydın:
Son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit
faizlərində kəskin artımlar müşahidə olunur. Sistem əhəmiyyətli
banklarda ABŞ dollarında əmanət üzrə illik faizlər 4.5 faizədək
yüksəlib. Hətta nəinki illik depozit faizləri, hətta 3 aylıq
faizlər belə 3.0 faizədək artıb.
Trend
xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial
şəbəkə hesabında yazıb.
Millət vəkilinin sözlərinə görə, burada diqqəti çəkən əsas
məqamlardan biri odur ki, banklar artıq depozitlərə sığortalanan
faizlərdən daha çox gəlir təklif edirlər. Bu isə qorunmayan
depozitlərin həcminin artmasına səbəb olacaq.
“Qanunvericiliyə əsasən, hazırda hər bir iştirakçı bankda 100
min manatadək depozitlər sığortalanır. Qorunan əmanətlərin illik
faiz dərəcəsi milli valyutada 12.0, xarici valyutada isə 2.5
faizdir.
<!—->
<!––>
Göründüyü kimi, xarici valyutada qorunan əmanətlərin maksimum
faiz dərəcəsi 2.5 faiz olsa da, belə hazırda əksər banklarda həmin
əmanətlər üzrə depozit faizi 5.0 faizə çatmaqdadır. Bu isə o
deməkdir ki, qorunan əmanət faizindən yüksək depozit gəliri təklif
edən vəsait məbləğindən asılı olmayaraq sığortalanmır. Yəni, bank
müflis olarsa, o əmanətlər geri qaytarılmır.
Bu arada, cəmi depoztilərin həcmi 2025-ci ilin yanvar ayının
sonuna əvvəlki ay ilə müqayisədə 40 milyard 270 milyon manatdan 40
milyard 175 milyon manatadək azalıb. Azalma qeyri-maliyyə
təşkilatlarının yerləşdirdiyi depozitlərin müvafiq dövrdə 22
milyard 532 milyon manatdan 21 milyard 756 milyon manata düşməsi
ilə bağlıdır.
Maraqlıdır ki, əgər banklarda izafi vəsaitlər, yəni resurs
artıqlığı varsa o zaman niyə bahalı depozit siyasəti həyata
keçirilir? Əslində depozit faizlərindəki artımlar banklardakı
izafilik deyil, əksinə vəsaitə tələbin olmasından xəbər verir. Bu
isə kredit bazarı üçün yaxşı siqnal deyil”, – deyə V.Bayramov qeyd
edib.