Apple şirkəti heç gözlənilmədən yeni iPad Air planşetini təqdim edib. Yenilənmiş iPad Air modelinin əsas üstünlüyü ondan ibarətdir ki, o, M3 prosessoru vasitəsilə çalışır. Məlumatda qeyd edilib ki, M3 prosessoru daha öncəki iPad Air modellərində istifadə edilmiş M1 prosessorundan 2 dəfə, A14 Bionic prosessorundan isə 3.5 dəfə daha sürətlidir. Bunun sayəsində yeni iPad Air-in istifadəçiləri Apple Intelligence ekosisteminin imkanlarından yararlana biləcəklər.

Yenilənmiş iPad Air 2 versiyada təqdim edilib. Birinci versiya 2360×1640 piksel keyfiyyətli 11 düym ölçülü ekranla təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. İkinci versiya isə 2732×2048 piksel keyfiyyətli 13 düym ölçülü ekranla təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir.

Ekranın təsvir yenilənməsi ənənəvi olaraq 60 Hz-dir. Yeni iPad Air-in gövdə qalınlığı isə 6.1 mm təşkil edir. Planşet özündə 128/256/512 GB/1 TB daxili yaddaş həcmini, 12 MP-lik arxa kameranı və 12 MP-lik ön kameranı birləşdirir. Yenilənmiş iPad Air 12 mart tarixində satışa çıxacaq. 11 düym ölçülü ekrana sahib versiyanın qiyməti 599$-dan, 13 düym ölçülü ekrana sahib versiyanın qiyməti isə 799$-dan start götürəcək.
Mənbə: GSMarena