Apple şirkəti rəsmi olaraq M4 prosessorlu yeni MacBook Air-i təqdim etdi. Yeni MacBook Air əvvəlki nəsillə müqayisədə əhəmiyyətli performans artımı təmin edən M4 prosessoru ilə təchiz edilib. Apple-ın açıqlamasına görə, M4 prosessoru M1-dən 2 dəfə, Intel əsaslı ən sürətli MacBook Air-dən isə 23 dəfə daha sürətlidir. M4 prosessoru 10 nüvəli CPU, maksimum 10 nüvəli GPU və 32 GB-a qədər UM (Unified Memory) dəstəyi ilə təchiz olunub.

MacBook Air iki versiyada təqdim olunub. Birinci versiya 2560×1664 piksel keyfiyyətli 13.6 düym ölçülü ekranla, ikinci versiya isə 2880×1864 piksel keyfiyyətli 15.3 düym ölçülü Liquid Retina ekranla təchiz olunub. Hər iki versiyada ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Noutbuk özündə 12 MP-lik veb kameranı və 2 TB-a kimi SSD-ni birləşdirir. M4 vasitəsilə çalışan yenilənmiş MacBook Air modeli Wi-Fi 6E və Bluetooth 5.3 dəstəyini əldə edib. Yeni MacBook Air modeli 12 mart tarixində satışa çıxacaq. Onun qiyməti isə 999$-dan start götürəcək.