Adətən, mikroplastiklərin əsas mənbələri plastik butulkalar, paketlər və sintetik parçalar hesab edilir. Lakin alimlər uzun müddətdir başqa, daha geniş yayılmış və təhlükəli bir mənbənin diqqətdən kənarda qaldığını düşünürlər. Toronto Universitetinin yeni araşdırmasına görə, mikroplastiklərin gözlənilməz bir mənbəyi aşkar edilib – bu, ətrafımızda hər yerdə mövcud olan boya örtükləridir. Alimlər xüsusilə narahatdırlar, çünki boya hər yerdə istifadə olunur – binalarda, yollarda, gəmilərdə və digər obyektlərdə. Araşdırmanın həmmüəllifi, doktor Zoie Diana bildirib ki, boya indiyə qədər kifayət qədər araşdırılmayan bir mikroplastik mənbəyidir.

Əsas problem ondadır ki, müasir dünyada boya növlərinin sayı hədsiz çoxdur – onlar müxtəlif sahələrdə, hər yerdə rast gəlinir. Mikroplastiklər – diametri 5 mm-dən kiçik olan plastik hissəciklərdir və adi gözlə görünmürlər. Əvvəlki araşdırmalar göstərib ki, bu mikroskopik plastik parçalar insan orqanizminə toksik təsir göstərə bilər və hətta xərçənglə əlaqələndirilir. Yeni araşdırmada alimlər müəyyən ediblər ki, boya səthlərdə parçalandıqda 5 mm-dən kiçik hissəciklər əmələ gətirir və bu, toksik mikroplastiklər yaradır. Boyanın fraqmentləşməsi müxtəlif səbəblərdən baş verə bilər:
– Təmir və texniki xidmət zamanı (sürtmək, cilalamaq, örtüyü çıxarmaq, qumlama prosesi və s.),
– Boya tətbiq edildikdə və istifadə olunduqda,
– Atılma və ya ətraf mühitin təsiri nəticəsində.

Tədqiqat qrupu əvvəlki araşdırmaları təhlil edərkən bu sahədə ciddi boşluqlar olduğunu aşkarlayıb. Son 20 il ərzində boyadan qaynaqlanan mikroplastiklər haqqında cəmi 62 elmi məqalə dərc edilib, bu isə məsələnin kifayət qədər öyrənilmədiyini göstərir. Araşdırmanın müəllifləri hesab edirlər ki, bu sahədəki boşluq, çox güman ki, boyanın ümumiyyətlə plastik tərkibli olub-olmaması ilə bağlı qeyri-müəyyənlikdən qaynaqlanır.
Məlumat üçün, boya tərkibində orta hesabla 37% plastik var. Bu nəticələrə əsaslanaraq, tədqiqatçılar boyadan qaynaqlanan mikroplastiklərin təsirinin təcili şəkildə araşdırılmasını tələb edirlər. Alimlər mikroplastiklərin mənbələrini, onların ətraf mühitdəki konsentrasiyasını və canlı orqanizmlərə, eləcə də populyasiyalara toksik təsirini öyrənmək üçün fundamental tədqiqatların aparılmasının vacibliyini vurğulayırlar.
Mənbə: Daily Mail